"Əgər ABŞ yenidən tam gücü ilə prosesə daxil olarsa, vəziyyət ciddi şəkildə dəyişə bilər."
Politoloq Əli Mustafa bu sözləri News365.az-a açıqlamasında deyib.
"Ukrayna ilə Rusiya arasında davam edən müharibənin sonu hələ də qeyri-müəyyən olaraq qalır. Ekspertlərin fikrincə, qarşıda iki əsas ssenari var: ya Ukrayna güclənərək beynəlxalq hüquqa əsaslanan mövqeyini möhkəmləndirəcək və müharibə dayanacaq, ya da Rusiya Ukraynanın tam işğalına nail olmağa çalışacaq. Hər iki halda, ya sürətli, ya da uzunmüddətli və "sürünən" bir müharibə ssenarisi aktuallığını qoruyur.
Hazırda Birləşmiş Ştatların Ukraynaya hərbi dəstəyini artıracağı ilə bağlı məlumatlar yayılır. Bu, münaqişənin gedişatında yeni mərhələnin başlanğıcı ola bilər. Əgər ABŞ yenidən tam gücü ilə prosesə daxil olarsa, vəziyyət ciddi şəkildə dəyişə bilər.
Rusiya isə hərbi sənaye kompleksinin istehsal gücünü artırsa da, ölkənin iqtisadi və maliyyə durumu kifayət qədər gərgindir. İnsan resursları, səfərbərlik imkanları və əhali arasında artan narazılıqlar da bu prosesi çətinləşdirir. Bu kontekstdə Şimali Koreyanın Rusiya ilə hərbi əməkdaşlığı Moskva üçün qısa müddətli nəfəs imkanı kimi qiymətləndirilir.
Bəzi təhlilçilər hesab edir ki, gələcəkdə Avropa ölkələrinin bir qisminin də bu müharibəyə daha fəal şəkildə cəlb olunması mümkündür. Bununla belə, Rusiya üçün kompromis mövqe artıq masada deyil. Müşahidələr göstərir ki, Moskva bu münaqişədə yalnız iki nəticəni qəbul edə bilər: ya qələbə, ya da məğlubiyyət.
Rusiyanın aparıcı ideoloqlarından Aleksandr Duqin də bu yanaşmanı təsdiqləyərək bildirib ki, Rusiya önümüzdəki 40-60 il ərzində davam edə biləcək müharibəyə hazırlaşmalıdır. Onun sözlərinə görə, bu uzunmüddətli qarşıdurma üçün cəmiyyətin hərtərəfli şəkildə səfərbər olunması vacibdir.
Analitiklər qeyd edirlər ki, Rusiya özünü yeni dünya düzənində zəif regional güc kimi yox, qlobal güc mərkəzi kimi qorumağa çalışır və bunun üçün uzun müddətli mübarizəyə hazır görünür.