Ermənistanla dostluq məcburiyyət deyil, amma qonşuluq qaçılmazdır

Ermənistanla dostluq məcburiyyət deyil, amma qonşuluq qaçılmazdır
16:25

Ermənistan hakimiyyətində son aylarda müşahidə olunan yumşalma siqnalları regionda yeni siyasi səhnənin formalaşdığını göstərir. Bu fonda Ermənistan parlamentinin spikeri Alen Simonyanın “Bakıya gəlməyə hazıram” açıqlaması diqqətləri yenidən İrəvanın real niyyətlərinə yönəldib. 

Bu barədə danışan politoloq Bakir Həsənbəyli News365.az-a bildirib ki, iki xalq dostluğa məcbur deyil, lakin qonşuluq reallığı dəyişməzdir.


Sülh sazişi imzalandıqdan sonra ticarət, diplomatiya və siyasi əlaqələr mərhələli şəkildə formalaşa bilər:

“Ermənistan da, Azərbaycan da bu regionu tərk edəsi deyil. Ona görə də münasibətlərin sağlam əsasda qurulması daha məqsədəuyğundur. Son vaxtlar vətəndaş cəmiyyətləri arasında baş tutan qarşılıqlı səfərlər də bunu göstərir. Ermənilər Bakıda olduqlarında onlara doğma gəldiyini dedikləri bir münasibət gördülər, Hökumət Administrasiyasında Hikmət Hacıyev tərəfindən qəbul olundular.”

Politoloq hesab edir ki, dialoq hər zaman qarşıdurmadan üstün olmalıdır:

“Dalaşmaqdansa danışmaq daha doğrudur. Tərəflər arasında birliyin deyil, normal münasibətlərin yaranması vacibdir. Ermənistan tərəfi də dəvət olunduqda Azərbaycana gəlməyə hazır olduğunu bildirir.”

Həsənbəyli vurğulayıb ki, Paşinyan hökumətinin 2020-ci ildən əvvəlki ritorikası ilə sonrakı mövqeyi arasında ciddi fərq var:

“Cəmiyyət olaraq bu dəyişikliklər üzərində düşünməliyik. Tələsməyə ehtiyac yoxdur. Münasibətlər hər zaman korrekt şəkildə davam etməlidir. Tarix boyu müxtəlif mərhələlərdə münaqişələr də olub, yaxınlıq və qohumluq əlaqələri də mövcud olub. Mən yenə də balanslı münasibət tərəfdarıyam.”


Sizin reklam burada
Sizin reklam burada