Mövcud geosiyasi proseslər fonunda Azərbaycan, İran və Rusiya arasında yaranan əməkdaşlıq formatı regionun yeni güc balansında xüsusi yer tutur. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, tərəflər ideoloji yanaşmalardan uzaq duraraq qarşılıqlı maraqlara əsaslanan praqmatik model formalaşdırıblar. Bu isə formatı həm çevik, həm də dəyişən regional şərtlərə uyğunlaşa bilən effektiv platformaya çevirir.
Xüsusilə nəqliyyat-logistika və enerji təhlükəsizliyi sahəsində həyata keçirilən birgə layihələr – o cümlədən “Şimal–Cənub” nəqliyyat dəhlizinin genişləndirilməsi – tərəflər arasında iqtisadi qarşılıqlı asılılığı artırmaqla yanaşı, siyasi koordinasiyanı da daha sıx edir.

Mövzu ilə bağlı News365.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan–İran–Rusiya əməkdaşlığı regionda formalaşan yeni güc düzəninin praqmatik məzmun daşıdığını göstərir:
“Bu formatın əsasını nəqliyyat, logistika, enerji təhlükəsizliyi və regional sabitlik təşkil edir. Xüsusilə ‘Şimal–Cənub’ dəhlizi ölkələr arasında iqtisadi əlaqələri gücləndirir və siyasi koordinasiyanı daha da yaxınlaşdırır. Azərbaycanın bu prosesdə tranzit mərkəzi kimi rolu getdikcə daha çox ön plana çıxır”, – deyə politoloq qeyd edib.
Tural İsmayılov həmçinin əlavə edib ki, İran bu əməkdaşlığı yeni logistik imkanların açılması və regional iqtisadi inteqrasiyanın genişlənməsi baxımından mühüm fürsət kimi qiymətləndirir:
“Rusiya isə mövcud geosiyasi vəziyyət fonunda cənub istiqamətində nəqliyyat və ticarət əlaqələrini gücləndirməyə çalışır. Bu əməkdaşlıq ideologiya üzərində yox, konkret milli maraqlar əsasında qurulan funksional modeldir”.