Avropanın dəstəyi Ukraynanın müharibədə vəziyyətini dəyişdirmir

Avropanın dəstəyi Ukraynanın müharibədə vəziyyətini dəyişdirmir
16:24

Ukrayna‑Rusiya müharibəsi fonunda sülh danışıqları ilə bağlı müxtəlif səviyyələrdə açıqlamalar səslənməyə davam edir. Son günlər Rusiyanın guya Avropanın təklif etdiyi sülh paketinə müsbət yanaşdığı barədə iddialar mediada yer alır. Lakin prosesin gələcək gedişatı ilə bağlı ekspertlər ciddi narahatlıqlarını bildirirlər.

News365.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib ki, Rusiyanın sülh paketinə razılığı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun olsa belə, Avropanın təqdim etdiyi sənədin Moskva tərəfindən qəbul olunması real görünmür.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin mövqeyi prosesin gedişinə təsir göstərmək gücündə deyil:

“Əgər məsələni Avropa İttifaqı konteksində qiymətləndirsək, onların təklif etdiyi sülh paketi heç bir halda Rusiya tərəfindən qəbul olunmayacaq. Proses bu şəkildə davam edərsə, həm cəbhə xəttində daha ağır silahlara keçid, həm də Ukraynanın digər şəhərlərinin intensiv hədəf seçilməsi ehtimalı yüksəkdir”.

Mirzəbəyli Avropa liderlərini məsuliyyətsiz bəyanatlarda bulunmaqda ittiham edib:

“Avropa siyasətçiləri isti kabinetlərində oturaraq sərt bəyanatlar səsləndirirlər. Amma indiyədək problemin həlli üçün prinsipial və real nəticə verə biləcək addımlar atmayıblar”.

Ekspert həmçinin Avropanın Ukraynaya dəstəyinin yetərli olmadığını deyib:

“Ukraynanın ərazi bütövlüyü beynəlxalq hüququn tələbidir. Lakin sual olunur: Avropa bu tələbin təmin olunması üçün hansı real dəstək göstərib? Ukrayna xalqı üçün heç kim döyüşməyəcək. Sadəcə bəyanat vermək və yararsız silahlar göndərməklə müharibənin taleyini dəyişmək mümkün deyil”.

Politoloq bildirib ki, hazırkı vəziyyətdə gərginlik daha da arta və müharibə yeni, daha təhlükəli mərhələyə keçə bilər.


Sizin reklam burada
Sizin reklam burada