Naxçıvanda “Füyuzat” jurnalının sərgi-təqdimatı keçirildi - FOTOLAR

Naxçıvanda “Füyuzat” jurnalının sərgi-təqdimatı keçirildi - FOTOLAR
16:59

Naxçıvanda “Füyuzat” jurnalının üz qapaqlarına həsr olunan “Dəyərlərin işığında” sərgisi keçirilib.

News365.az xəbər verir ki, sərgi Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu, “Füyuzat” dərgisi, “Sevinc-Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdən öncə MİMTA Fondunun əməkdaşları Heydər Əliyev muzeyini ziyarət ediblər. Bu ziyarətdə Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasova fondun əməkdaşlarına bələdçilik edərək muzeyin eksponatları ilə ətraflı tanış edib. Muzeyin direktoru Ramil Orucəliyev isə muzeyin tarixi, fəaliyyəti ilə bağlı MİMTA Fondunun əməkdaşlarına məlumat verib.

Daha sonra “Dəyərlərin işığında” fotosərgisi həyata keçirilib. Sərginin açılışında millət vəkilləri, ictimai xadimlər, mədəniyyət işçiləri, yazıçılar və media nümayəndələri iştirak ediblər.

Tədbir zamanı “Füyuzat” dərgisinin tarixi, fəaliyyəti və milli ideologiyası barədə iştirakçılara geniş məlumat verilib, eyni zamanda jurnalın üz qapaqlarının hazırlanması prosesi, burada toxunulan istiqamətverici məsələlər və verilən mesajlar barədə informasiyalar ziyarətçilərlə bölüşülüb.

Professor Sevinc Abbasova “Füyuzat”ın Azərbaycan ictimai fikrindəki yerindən, müasir “Füyuzat”ın bu gün varisliyi layiqli şəkildə yerinə yetirməsindən bəhs edərək bildirib ki, bu sərgi Naxçıvan mədəni mühitində önəmli hadisədir və xüsusən gənclərdə milli şüurun formalaşması baxımından çox mühümdür.

Sonra çıxış edən Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov Konstitusiya və Suverenlik ilində təşkil edilən bu sərgidə “Füyuzat” jurnalının müstəqil və suveren Azərbaycanda ilk nəşrindən bir əsr sonra nəşrinin MİMTA Fondu tərəfindən bərpa edilməsi barədə söz açıb.

Çıxış edən “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu “Füyuzat”ın bir məktəb kimi milli məfkurəvi istiqamətindən və Əli bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, müasirləşmək” konsepsiyasının bugünkü Azərbaycan dövlətinin ideologiyasındakı yerindən, eyni zamanda “Füyuzat” dərgisinin hazırkı fəaliyyətindən bəhs edib.

Digər natiqlər də “Füyuzat”ın ideyalarından və bu məktəbin günümüzdəki fəaliyyətindən söz açaraq sərgini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Naxçıvan şəhəri, Əziz Əliyev G2 (Əyləncə adası, Luna kafe) ünvanında keçirilən sərgi noyabrın 30-na qədər davam edəcək.





















Sizin reklam burada
Sizin reklam burada