Ümummilli Lideri Heydər Əliyevin 1993–1999-cu illərdə köməkçisi və Prezident katibliyinin rəhbəri vəzifələrində işləmiş Eldar Namazov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı yeni faktlar açıqlayıb.
News365.az xəbər verir ki, Eldar Namazov Mehdiyevin vaxtilə Türkiyəyə zəlzələyə görə yardıma mane olmağa cəhd etdiyini bildirib. Bu barədə o, jurnalist Akif Təvəkküloğluna müsahibəsində bildirib.
"90-cı ilərin ortalarında Türkiyədə dəhşətli zəlzələ olmuşdu. Həmin vaxt Azərbaycan mediasında Türkiyəyə yardım kampaniyası başladıldı. Televiziyada deyilirdi ki, SOCAR-ın I vitse-prezidenti İlham Əliyev də Türkiyəyə yardım kampaniyasına dəstək verib.
Sonra məlumat getdi ki, Müdafiə Nazirliyi Türkiyəyə yardıma başlayb. Bu yardımlara çadırlar, ləvazimatlar, dərmanlar aid idi. Həmin anda Ramiz Mehdiyev nazirliklərə zəng edib, hamısının üstünə təpinirdi ki, "siz niyə Türkiyəyə dəstək verirsiniz? Türkiyə bizdən varlı dövlətdir, Azərbaycan niyə Türkiyəyə dəstək verməlidir?".
Bu məsələ ilə bağlı Heydər Əliyev iclas keçirdi. Ramiz Mehdiyevi ayağa qaldırıb dedi, “sən nə danışırsan, Türkiyə bizə qardaş dövlətdir, fərqi nədir bizdən varlıdı, ya yox? Qardaş ölkədə zəlzələ olub, insan tələfatları baş verib, biz ora qardaş dəstəyimizi göndəririk. Yardımın həcminin mənası yoxdur, əsas odur ki, qardaş qardaşa kömək etməlidir".
Bu isə (Ramiz Mehdiyev-red) nazirliklərə, o cümlədən Müdafiə Nazirliyinə zəng edib, "siz niyə dövlət malını dağıdıb, Türkiyəyə yardım edirsiniz” deyib. Nazirliklər də ona cavab veriblər ki, prezidentin tapşırığı var, İlham Əliyev cənabları bu işdə işirak edir. O da SOCAR-ın xətti ilə Türkiyəyə yardım edir".
E.Namazov onu da qeyd edib ki, o zaman dövlət başçısının xarici səfərləri zamanı Ramiz Mehdiyev daxildə təxribatlara əl atırmış:
"Bundan başqa Azərbaycan Prezidenti nə zaman Avropa ölkəsinə səfər edirdisə, onun təyyarəsi səmaya qalxan kimi Ramiz Mehdiyev mütləq bir-iki "çepe" törədirdi, ya gözlənilmədən dava-dalaş düşür, ya da kimlərsə həbs olunurdu. Elə bir vəziyyət yaradırdı ki, Azərbaycan Prezidenti Avropada, yaxud başqa yerlərdə ölkənin maraqları barədə danışanda gündəlik tamam dəyişirdi. Aləm bir-birinə qarışırdı ki, Azərbaycanda nəsə baş verib. Bax, o rejimi hamı tutmuşdu. Azərbaycan Prezidenti xaricə səfər edəndə daxildə deyirdilər ki, hazırlaşmalıyıq. Prezident xaricə gedən kimi Ramiz Mehdiyev burada nəsə “çepe” törədəcək və bu, Azərbaycan Prezidentinin danışıqlarına da təsir göstərəcək. Bir sözlə, Ramiz Mehdiyev Azərbaycan Prezidentinin danışıqlarını ya pozmağa, ya da çətin vəziyyətə salmağa çalışırdı".