Ukraynada korrupsiya YERMAK və sülh prosesinə təsir göstərir

Ukraynada korrupsiya YERMAK və sülh prosesinə təsir göstərir
15:41

Ukrayna siyasi gündəmi yenidən korrupsiya ittihamları ilə sarsılıb. Prezident Administrasiyasının rəhbəri Andrey Yermak da daxil olmaqla yüksək vəzifəli şəxslər haqqında yayılan iddialar beynəlxalq səviyyədə geniş müzakirələrə səbəb olub.

Politoloq Şahin Cəfərli məsələ ilə bağlı News365.az-a açıqlama verib və vəziyyətin təhlükəli siyasi çalarlar daşıdığını bildirib.


Politoloqun sözlərinə görə, korrupsiya illərdir Ukraynanın ən ciddi problemlərindən biri olaraq qalır və bu məsələ Rusiya işğalı ilə eyni səviyyədə təhlükə yaradır:

“Ukrayna üçün korrupsiya yeni məsələ deyil. Müstəqillik dövründə dövlətin ən böyük problemlərindən biri bu olub. Mən korrupsiyanı heç vaxt Rusiya işğalından daha yüngül təhlükə hesab etməmişəm. Çünki korrupsiya ağacın içini yeyən qurd kimidir və dövlətin kökündən sarsılmasına səbəb olur”.

Şahin Cəfərli bildirib ki, son illərdə Ukraynada yüksək vəzifəli şəxslərlə bağlı bu cür ittihamlar davamlı olaraq gündəmə gəlir:

“Əlbəttə, bütün ukraynalıları günahlandırmaq olmaz. Amma siyasətçilərin böyük qismi korrupsiya sisteminin bir hissəsidir. Yermakla bağlı cinayət hökmü yoxdur, lakin onun korrupsiya sxemlərində əli ola bilər. Müdafiə naziri olmuş Rustam Umerovun da araşdırıldığı məlumdur”.

Politoloq əlavə edib ki, Yermak ətrafında qalxan bu iddiaların sülh prosesi ilə eyni vaxta təsadüf etməsi təsadüfi görünmür:

“Məncə, burada ciddi siyasi məqsəd var. Ukraynanın antikorrupsiya qurumları – NABU və SAPO – Qərbin yaratdığı strukturlardır və siyasi təsirlərə açıqdırlar. Bu səbəbdən hazırkı proseslərin arxasında siyasi yönləndirmənin olması mümkündür”.

Cəfərli vurğulayıb ki, Ukraynada korrupsiya probleminin həlli sülh prosesindən daha çətin ola bilər və dövlətin gələcəyi üçün həlledici əhəmiyyət daşıyır.


Sizin reklam burada
Sizin reklam burada