İlham Əliyevin Türkmənistan Prezidentinə məktubu iki tərəfli və çox tərəfli formatları müəyyən edən bir sənəddir
Siyasət
09:16
Prezident İlham Əliyevin türkmənistanlı həmkarına rəsmi Bakının Mərkəzi Asiya birliyinə qoşulmaq təşəbbüsünə göstərdiyi dəstəyə görə təşəkkür məktubu ünvanlayıb. Məktubun ümumi tonuna nəzər saldıqda aydın olur ki, rəsmi Bakı Qafqaz regionunda yerləşsə də, Mərkəzi Asiya ilə ortaq tarix və mədəni əlaqələr əsasında formalaşan münasibətlərini yeni format çərçivəsində strateji müttəfiqlik səviyyəsinə qaldırmağı planlaşdırır. Mərkəzi Asiya birliyinə qoşulmaqla Azərbaycan yalnız iştirakçı deyil, həm də Mərkəzi Asiya ilə Avropa, ABŞ və Yaxın Şərq arasında strateji əlaqələrin qurulması və dərinləşdirilməsi üçün həm əlaqələrini, həm də infrastrukturunu paylaşmağa hazır olduğunu bəyan edir. Prezident İlham Əliyevin Türkmənistan Prezidentinə məktubu yalnız təşəkkür tonunda deyil, eyni zamanda iki tərəfli və çox tərəfli formatların qarşıdakı dövr üçün gündəliyini müəyyən edən bir sənəddir.
Yaxın müddətdə iqtisadiyyat, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar sahələrdə yeni iki tərəfli və çox tərəfli layihələrin gündəmə gələcəyi gözlənilir. Xüsusilə Özbəkistan–Türkmənistan–Azərbaycan xətti üzrə yeni nəqliyyat dəhlizinin formalaşdırılması geniş şəkildə müzakirə olunur. Eyni zamanda Türkmənistan və Özbəkistan arasında sərhədyanı ərazidə azad ticarət zonasının yaradılması ilə bağlı əldə edilən razılaşma Azərbaycan üçün də yeni imkanlar açır. Bu, Azərbaycan istehsalçılarına həmin ərazidə həm Türkmənistan, həm də Özbəkistanla daha rahat ticarət aparmaq imkanı verir ki, bu da ixracın genişlənməsi deməkdir.
Prezident İlham Əliyevin məktubda “uzunmüddətli və ardıcıl inkişaf” və “regional sabitlik” ifadələrinə xüsusi diqqət yetirməsi Azərbaycan–Türkmənistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi barədə mesajdır. Bu, Xəzər hövzəsində yeni enerji layihələrinin birgə icrasının effektivliyini artıran mühüm bir məqamdır.
Tərəflər milli maraqlarını uzlaşdırmaqla birlikdə irəliləmək üçün unikal bir şans əldə edirlər. Son iki ildə Azərbaycan–Türkmənistan münasibətlərində müşahidə edilən istiləşmə tərəflər arasında etibarlı dialoq kanallarının qurulmasından xəbər verir. Bu kanalın formalaşmasında Türkmənistanın milli lideri Qurbanqulu Berdımühəmmədovla Prezident İlham Əliyev arasındakı yüksək səviyyəli münasibətlərin xüsusi rolu var.
Beləliklə, Qurbanqulu Berdımühəmmədovun Azərbaycan Prezidentinə, eləcə də Prezident İlham Əliyevin həm Türkmənistan Prezidenti Sərdar Berdımühəmmədova, həm də Türkmən xalqının lideri Qurbanqulu Berdımühəmmədova ünvanladığı məktublar yeni əməkdaşlıq mərhələsinə start siqnalı verir.