Prezident İlham Əliyev: “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil”
Coğrafi mövqeyinə və inkişaf etmiş nəqliyyat
infrastruktura sahib olan Azərbaycan, Şərq ilə Qərbi, Şimal ilə Cənubu
birləşdirən mühüm tranzit ölkəyə çevrilib. 7 oktyabr 2025-ci ildə Qəbələdə Türk
Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bu
məslə də diqqətdə olub. Görüşdə çıxış edən Prezident İlham Əliyev nəqliyyat və
kommunikasiya sahəsində əməkdaşlığın Türk dünyası üçün strateji əhəmiyyətini
vurğulayaraq, Azərbaycanın bu sahədə oynadığı önəmli rolu ətraflı şəkildə
təqdim etdi. Onun çıxışı Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın
gücləndirilməsi istiqamətində yeni dövrün əsasını qoyur. Prezident İlham Əliyev
çıxışında qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat və
kommunikasiya əlaqələri yalnız regional deyil, həm də qlobal səviyyədə strateji
əhəmiyyətə malikdir: “Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və
digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal
əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb”. Bu fikir, Türk dövlətləri
arasında yalnız mədəni və siyasi deyil, eyni zamanda ciddi iqtisadi və logistik
platformanın mövcudluğunu göstərir. Azərbaycan bu platformanın əsas
dayaqlarından biri kimi çıxış edir.
Prezident Əliyev çıxışında xüsusilə Orta
Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əhəmiyyətinə toxundu. Bu
dəhliz Çin və Mərkəzi Asiyadan yüklərin Xəzər dənizi, Azərbaycan, Gürcüstan və
Türkiyə vasitəsilə Avropaya çatdırılmasını təmin edir. 2022-ci ildən bu yana
Orta Dəhlizlə yükdaşımaların 90% artması bu marşrutun rəqabətqabiliyyətini və
artan beynəlxalq marağı göstərir. Bu, yalnız regional deyil, həm də qlobal
enerji və logistika şirkətlərinin diqqətini cəlb edən bir göstəricidir.
Prezident
Əliyev qeyd etdi ki, yaxın illərdə Ələt Beynəlxalq Ticarət Limanının illik
yükötürmə qabiliyyəti 25 milyon tona çatacaq. Hal-hazırda bu liman artıq Xəzər
regionunun ən mühüm nəqliyyat mərkəzlərindən biridir. Onun imkanları Orta
Dəhlizin dayanıqlılığını təmin edir və multimodal daşımaları mümkün edir. Ələt
limanı nəinki yük daşımalarında, həm də sənaye-logistika zonalarının
inkişafında mühüm rol oynayır. Burada yaradılan Ələt Azad İqtisadi Zonası, həm
region, həm də xarici investorlar üçün cəlbedici platforma kimi çıxış edir.
Azərbaycanın
təşəbbüsü və dəstəyi ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə
Asiya arasında mühüm bir dəmir yolu bağlantısıdır. Bu marşrutla Mərkəzi
Asiyadan və Çindən Avropaya yüklər fasiləsiz şəkildə daşına bilir. Bu layihə
nəinki nəqliyyatı sürətləndirir, həm də bölgədə alternativ və təhlükəsiz
marşrutların yaranmasına töhfə verir – xüsusən də geosiyasi risklərin artdığı
bir dövrdə.
Azərbaycanın
9 beynəlxalq hava limanı və regionun ən böyük yükdaşıma aviaşirkəti ölkəmizi
hava nəqliyyatında da əsas oyunçuya çevirir. Bu imkanlar multimodal daşımaların
effektivliyini artırır, təcili və yüksək dəyərli yüklərin daşınmasında strateji
üstünlük yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün bu amillər
Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsini
şərtləndirir. Azərbaycanın müasir infrastruktur imkanları və çevik tranzit
siyasəti sayəsində ölkə artıq Avrasiya məkanında logistik hub rolunu
oynamaqdadır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat şəbəkələrinin
inteqrasiyası yaxın gələcəkdə təşkilatın əsas prioritetlərindən biri olacaq.
Azərbaycanın bu istiqamətdə təcrübəsi və təşəbbüsləri digər üzv dövlətlər üçün
nümunəvi model kimi çıxış edə bilər.
Zirvə
Görüşündə cənab Prezident təhlükəsizlik, regional əməkdaşlıq və ortaq hərbi
təlimlərin əhəmiyyətinə də toxunaraq yeni bir strateji dövrün başlanğıcını elan
etdi. Qeyd olundu ki, təhlükəsizliyin hər bir dövlətin inkişafının təməl dayağı
olduğunu vurğuladı. Müasir dünyada beynəlxalq hüququn norma və prinsiplərinin
kobud şəkildə pozulduğu, münaqişələrin geniş yayıldığı və yeni təhlükəsizlik
çağırışlarının yarandığı bir dövrdə Türk dövlətləri arasında həmrəylik və ortaq
müdafiə strategiyalarının qurulmasının zəruriliyi bir daha ön plana
çıxarıldı:“Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil,” – deyə
Prezident Əliyev çıxışında qeyd etdi. Bu fikirlər təkcə çağırış deyil, həm də
Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyət istiqamətləri üçün bir yol
xəritəsidir.
Prezident İlham Əliyev Azərbaycanın Türkiyə
ilə strateji müttəfiqliyinə və dərin hərbi əməkdaşlıq əlaqələrinə xüsusi diqqət
çəkdi. Son bir ildə Azərbaycan ilə Türkiyə arasında 25-dən artıq ikitərəfli və
çoxmillətli hərbi təlimin keçirilməsi, bu əməkdaşlığın yalnız siyasi deyil,
eyni zamanda praktiki və əməli sahələrdə də nə qədər dərin olduğunu göstərir.
Bu təlimlər təkcə iki ölkənin müdafiə qabiliyyətini artırmaqla qalmır, həm də
Türk dünyasının ümumi təhlükəsizlik sisteminin formalaşmasına töhfə verir.
Zirvə
görüşünün ən mühüm məqamlarından biri Prezident Əliyevin irəli sürdüyü təşəbbüs
oldu: “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş
əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri
Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif
edirəm”. Bu təklifin gerçəkləşməsi, təşkilata üzv dövlətlərin silahlı qüvvələri
arasında qarşılıqlı koordinasiya, əməliyyat bacarığı və taktiki uyğunluğun
artırılmasına, eləcə də ümumi müdafiə mexanizmlərinin formalaşmasına xidmət
edəcək.
Qəbələ
Zirvəsi təkcə siyasi görüş deyil, həm də Türk dünyasının gələcək təhlükəsizlik
arxitekturasının formalaşdığı bir məqam kimi tarixə düşəcək. Prezident İlham
Əliyevin təşəbbüsü ilə 2026-cı ildə keçiriləcək birgə hərbi təlimlər, Türk
Dövlətləri Təşkilatının üzv ölkələrinin hərbi-strateji inteqrasiyasına doğru
atılmış mühüm addım olacaq. Türk dünyası birliyi artıq sözlərlə deyil, əməli
addımlarla möhkəmlənir – təhlükəsizlikdən inkişafa aparan yol isə bu birlikdən
keçir.
Prezident
İlham Əliyevin Qəbələ Zirvəsindəki çıxışı, nəqliyyat və kommunikasiya sahəsində
Türk dünyası üçün yeni strateji dövrün başlandığını göstərdi. Azərbaycanın
təşəbbüskarlığı, qurduğu infrastruktur və irəli sürdüyü əməkdaşlıq
platformaları Türk Dövlətləri Təşkilatının real iqtisadi və logistik gücə
çevrilməsi yolunda mühüm təməl rolunu oynayır. Azərbaycan artıq yalnız bir
tranzit ölkə deyil – o, yol açan, yol quran və yol göstərən bir liderdir.
Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya
İnstitutunun
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə
müdiri