ABŞ prezidenti Donald Tramp administrasiyasının bəzi üzvləri belə hesab edir ki, respublikaçı lider Rusiya prezidenti Vladimir Putinlə görüşsə, Moskva Ukrayna münaqişəsinin nizamlanması baxımından istədiyinə nail olacaq. Vaşinqton isə sadəcə “təslim olacaq”. Bu barədə “Vaşinqton Post” qəzeti Respublikaçılar Partiyasının üzvünə istinadən yazıb.
Məqalə müəllifinin fikrincə, Tramp göstərəcək ki, münaqişəyə son qoyan o oldu. Amma bu onun kapitulyasiyası sayılacaq. Məqalədə deyilir ki, Putin proseslərdən istədiyini alacaq.
"ABŞ-də bəziləri belə hesab edir ki, Trampın təyin etdiyi bir sıra məmurlar, o cümlədən Milli Kəşfiyyatın direktoru vəzifəsinə namizəd Tulsi Qabbard hadisələri Rusiyanın xeyrinə çevirməyə kömək edə bilər. Adı açıqlanmayan rusiyalı akademikin sözlərinə görə, belə bir ümid ona görə realdır ki, Tramp qeyri-ənənəvi siyasətçidir və ondan hər şey gözləmək olar", -müəllif yazıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.