ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında Vaşinqtonda keçirilməsi gözlənilən görüş Ukraynaya hərbi dəstəyin gələcək istiqamətlərini müəyyənləşdirə bilər. Politoloq Taleh Əliyevin fikrincə, səfərin pərdəarxasında müzakirə olunacaq məsələlər ictimaiyyətə açıqlanacaq bəyanatlardan daha böyük əhəmiyyət daşıyır.
News365.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, Trampın hakimiyyətə qayıdışından sonra Vaşinqtonda baş tutan ilk görüş zamanı ictimaiyyətə təqdim olunan görüntülər görüşün yalnız görünən hissəsi idi.

“Əslində, Trampın hakimiyyətə qayıdışından sonra Vaşinqtonda keçirilən ilk görüş zamanı mediada Zelenskiyə qarşı sərgilənən aşağılayıcı münasibət görüşün yalnız görünən tərəfi idi. Pərdəarxasında isə Rusiyaya verilən vədlər fonunda Ukraynanın müharibənin gedişində ciddi üstünlük qazanmasının şahidi olduq. Hesab edirəm ki, məhz həmin pərdəarxası proseslər daha önəmlidir və bu dəfə də ictimaiyyətə açıqlanacaq məlumatlar Vaşinqtonda keçiriləcək növbəti Tramp-Zelenski görüşünün əsl mahiyyətini tam əks etdirməyəcək”.
Politoloqun sözlərinə görə, Finlandiya rəhbərliyinin də qeyd etdiyi kimi, Zelenski bu dəfə Vaşinqtona əvvəlki səfərlərlə müqayisədə daha güclü mövqedə gedir.
“Bu, bir tərəfdən Ukrayna ordusunun cəbhədə əldə etdiyi son uğurlarla, digər tərəfdən isə ABŞ-nin İranla qarşıdurması fonunda Rusiyanın İrana kəşfiyyat məlumatları ötürməsi ilə bağlı iddialarla əlaqədardır. Körfəz ölkələrindəki ABŞ hərbi bazaları və Yaxın Şərqlə bağlı məlumatların İrana çatdırılması kimi məqamların Trampın diqqətindən kənarda qalacağını düşünmürəm. Bu baxımdan, yaxın dövrdə Trampın Rusiya ilə bağlı müəyyən sürpriz qərarlarının şahidi ola bilərik”.
Taleh Əliyev bildirib ki, Vaşinqton görüşündə Ukraynaya birbaşa hərbi yardımların davam etdirilməsi ilə yanaşı, silah istehsalının Ukrayna ərazisində təşkilinə dair məsələlərin də gündəmdə olacağı gözlənilir.
“ABŞ-nin Ukraynaya hərbi yardımının davam edəcəyinə ciddi şübhə yoxdur. Lakin son dövrlərdə əsas müzakirə olunan məsələ uzaqmənzilli Amerika silahlarının istehsalı üçün lisenziyaların Ukraynaya verilməsi və həmin silahların Ukraynada istehsalına razılıq əldə olunmasıdır. Son məlumatlara görə, Yaponiya da bu prosesə həm texniki, həm də maliyyə baxımından dəstək verməyə hazırlaşır. Hesab edirəm ki, bu mövzu Vaşinqton görüşünün əsas istiqamətlərindən biri olacaq”, – deyə politoloq vurğulayıb.