"Atəşkəs pozulması nəticəsində Azərbaycan tərəfdən yaralanan və – Allah göstərməsin – həlak olan olarsa, Azərbaycanın cavabı çox sərt olacaq."
Millət Vəkili Rasim Musabəyov bu sözləri News365.az-a deyib.
"Ermənistan hələ də müxtəlif təxribatlarla Azərbaycanı sərt cavab verməyə sövq edir ki, sonra bütün dünyaya hay-küy salsın: “Ay aman, Azərbaycan bizə hücum edir! Bizə siyasi, diplomatik, maliyyə dəstəyi verin!” Məqsəd odur ki, müxtəlif vasitələrlə diqqət çəksin və bu diqqəti həm ölkə daxilində, həm də beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmək üçün istifadə etsin.
Hazırda Azərbaycan əsasən xəbərdarlıqla kifayətlənir. Amma atəşkəs pozulması nəticəsində Azərbaycan tərəfdən yaralanan və – Allah göstərməsin – həlak olan olarsa, Azərbaycanın cavabı çox sərt olacaq. Ermənilər bunu bilməlidirlər: bu cür davranışlar axırda onların özləri üçün ağır nəticələrə səbəb olacaq.
Ermənistanın bölgədə konstruktiv rol oynaması üçün imkanı var. Ən azından Zəngəzur dəhlizinin açılmasına razılıq verməli və bu layihənin həyata keçirilməsi üçün praktik hazırlıq işlərinə başlamalıdır. Bu, həm Ermənistanın, həm də ümumilikdə regionun inkişafına xidmət edəcək. Təəssüf ki, ənənəvi olaraq Ermənistan müxtəlif iddialarla çıxış edir – sözlə nələrsə deyir, amma hələ də konkret addımlar atmaq niyyətində deyil."