Tələbə yataqxanalarında yaranan dünyanın nəhəng şirkətləri

Tələbə yataqxanalarında yaranan dünyanın nəhəng şirkətləri
11:08

Bu gün milyardlarla dollar dəyərində olan bəzi şirkətlər vaxtilə universitet yataqxanalarında və auditoriyalarında yaranmış sadə ideyalardan ibarət olub. Dünyanın ən tanınmış brendlərindən bir neçəsinin təməli tələbəlik illərində qoyulub və onların qurucuları sonradan qlobal biznes tarixində iz qoyublar.

Sahibkarlığın İnkişafı İnstitutunun (iED) araşdırmasında bildirilir ki, tələbələr tərəfindən yaradılan ən uğurlu startaplar sırasında “Facebook”, “Snapchat”, “Reddit”, “Dropbox”, “Dell”, “FedEx” və “Coursicle” yer alıb.

Belə ki, “Facebook” 2004-cü ildə Harvard Universitetinin tələbəsi Mark Zukerberq və onun tələbə yoldaşları tərəfindən yaradılıb. Sosial şəbəkə qısa müddətdə universitet sərhədlərini aşaraq dünyanın ən böyük platformalarından birinə çevrilib və hazırda milyardlarla istifadəçiyə malikdir.

2011-ci ildə Stenford Universitetinin tələbələri Evan Şpiqel, Redji Braun və Bobbi Mörfi tərəfindən yaradılan “Snapchat” isə qısa müddət ərzində sosial media bazarında mühüm mövqe qazanıb. Şirkət sonradan milyardlarla dollar dəyərində biznesə çevrilib.

“Reddit” platforması 2005-ci ildə Virciniya Universitetinin tələbələri Stiv Haffman, Aleksis Ohanian və Aaron Svarts tərəfindən təsis edilib. İstifadəçilərin xəbər paylaşması və müzakirələr aparması üçün yaradılan platforma hazırda dünyanın ən məşhur internet resurslarından biri hesab olunur.

Araşdırmada qeyd olunur ki, tələbəlik dövründə yaradılan digər uğurlu layihələrdən biri də “Dropbox” olub. Massaçusets Texnologiya İnstitutunun (MIT) tələbələri Dryu Hyuston və Araş Firdovsi tərəfindən 2007-ci ildə qurulan şirkət bulud yaddaşı xidmətləri bazarının aparıcı iştirakçılarından birinə çevrilib.

Bundan başqa, amerikalı sahibkar Maykl Dell “Dell” şirkətini 1984-cü ildə Texas Universitetində təhsil aldığı dövrdə yaradıb. Şirkət ilk ilində 73 milyon dollardan çox gəlir əldə edib və sonradan kompüter texnologiyaları bazarının aparıcı şirkətlərindən birinə çevrilib.

Logistika sahəsində tanınan “FedEx” şirkətinin təməli isə Yale Universitetinin tələbəsi Frederik Smit tərəfindən 1971-ci ildə qoyulub. Şirkət sürətli çatdırılma modeli ilə qlobal bazarda mühüm mövqe qazanıb.

Təhsil texnologiyaları sahəsində fəaliyyət göstərən “Coursicle” platforması da tələbə ideyasından doğan uğurlu layihələrdən biri hesab olunur. Platforma tələbələrə dərs cədvəllərini daha rahat planlaşdırmağa imkan verir və hazırda dünyanın çoxsaylı təhsil müəssisələrində istifadə olunur.


Sizin reklam burada
Sizin reklam burada