Fəqirlik küfrə aparır?- Tural İrfan yazır

Fəqirlik küfrə aparır?- Tural İrfan yazır
09:46
"Fəqirlik küfrə aparır" hədisi tamamilə real nümunələrini göstərir. Sosial vəziyyətin ağırlığı, insanların halal yolla, digərlərinin hüquqlarını pozmadan, hüdudları nəzərə alaraq qazanmasını, dolanışığını mümkünsüz edəndə həm əqidədə həm də əməldə fəsadlar yaranır.
Səbr, təmkin, dözüm də hamının bacardığı məsələ deyil. Halal yolla qazanmağı mümkünsüz görənlər haram yola əl atmağa məcbur olur. Onu da bacarmayan yaxud cəsarət etməyən ya əqidə küfrünə düşür, işgəncəli həyatda Uca Yaradanı təqsirləndirir, ya da intihar kimi çıxış yollarına əl atır ki, bu da əməli küfrdür. İnsanların real ümid yerləri tükənəndə xəyali ümid ünvanı axtarırlar.
Bəli, "fəqirlik küfrə aparır". Həzrət Muhəmməd Peyğəmbər doğru qeyd edib.
Palıd ağacını yandıranda xoş ətir gəlir, yaxşı da kömürü olur. Amma yaş, çürük söyüd ağacını yandıranda üfunət qoxuyur və kömür - filan da əmələ gəlmir. Adamlar da belədir. Xarakter, xislət sarıdan fərqlidir. Maddi, sosial, mənəvi, psixoloji sıxıntılar məngənəsi sıxdıqca hərənin özünəməxsus xisləti həmin istiqamətdə daha qabarıq və cəmiyyətin ümumi nizamını pozacaq şəkildə təzahür edir. Pişiyi, göyərçini günlərlə ac qoysan gəlib adamın gözünü çıxarmır. Amma canavar ac qalanda qoyun oğurlayır, hələ bir neçəsini də yaralayıb gedir. Şir, pələng də qarşısına nə keçirsə parçalayır, dağıdır. O düşünmür ki, bu mənim sahibimdir, bəlkə yemək almağa pulu yoxdur.
Atalar, "ac qılınca çapar" deyiblər. Ağır sosial vəziyyət insanın çox şeyə qarşı fikrini, hətta mövqeyini dəyişir. Hamı eyni cür yaranmayıb. Necə deyərlər, su boğaza çatanda heyvan da balasını ayağının altına alır ki, boğulmasın.
Fəqirlik insanların içindəki bütün mənfi hissləri, neqativ resursları kompleksləşdirir və topluma sirayət etdirir. Xüsusən heç bir pənah yerinin, ümid mənbəyinin olmaması son nəticədə dəhşətə çevrilir. Mənəviyyatı zəngin, dözümlü nadir adamlar tapılar ki, axına qarşı üzə bilsin, özünü, əqidəsini acından ölsə də son nəfəsə kimi qoruyub saxlaya bilsin.
Xüsusən son zamanlarda fəqir təbəqənin ağır sarsıntı içində olduğu hərtərəfli şəkildə hiss olunur. Ağır faizli bank kreditləri, az maaş, işsizlik, uşaqpulunun verilməməsi, pensiya yaşının və kommunal xərclərin artırılması düşüncəsi hətta avtobus sürücülərinin beynini o qədər yorur ki, ya qəza törədirlər ya da yerdən - göydən ümidi üzülmüş vəziyyətdə hər şeydən bezib maşını saxlayıb yolun kənarında daşın üstündə siqaret yandırırlar. Sanki camaatın avtobusda onları gözlədiyini də unudurlar...
Ateizm, deizm artır. Əks cəbhədə də radikal, mühafizəkar cərəyanlara meyl artır. Ümidsizlik, bekarçılıq, işsizlik, az maaş, istedada, yaradıcılığa, hətta Vətən üçün fədakarlığa belə dəyər verilməməsi insanların ümidlərini, qollarını sındırır, inamını sarsıdır... Nəticədə az adam buna tab gətirir. Kimi küfrə, kimi harama düşür, kimi intihar edir, kimi də düçar olduğu xəstəlik, problem, məşəqqətlə uğraşır, başını elə itirir ki, heç ərizə yazmağa qələm də tapmır.
Fəqirlik küfrə və fəsada aparır. Adamların içindəki bütün pis, mənfi hissləri, sərhədsiz çıxış yolları axtarmaq elementlərini səfərbər edir.
Arada çəpər olan bir məkan düşünək. Hər iki tərəfdə də iki heyvan təsəvvür edək. Bir tərəfdəkinin qabağına heç bir qida atmayaq. Müəyyən narahatlıqları olsa da hər ikisi sakit qalacaq. Lakin birinin qabağına hər cür yem, qida növləri atıb digərinə sadəcə su versək, o heyvan çırpınmağa, çəpəri dağıtmağa çalışacaq. Hətta çəpərin o üzündəki heyvana qarşı da aqressivləşəcək. Fərqli xasiyyət və xarakterdə olan insanlarla heyvanlar da müəyyən ortaq özəlliklərə sahibdir. Bir tərəfdə xalqın, dövlətin malını asan yollarla talayıb dağıdıb yeyən məmurlar, digər tərəfdə də ac, səfil, fəqir adamlar.
Axır zamanlar adamların aqressivliyi, mərhəmətsizliyi, qabalaşması müşahidə olunur. Avtobusda qalstuklu adam görəndə onu məmur zənn edib çəp-çəp baxırlar. Ümumiyyətlə son zamanlar ictimai nəqliyyatda əsla məmur, imkanlı adam görmək mümkün deyil. Çünki feodal siniflə qara camaat arasında uçurum artıb. Məsafə çox uzanıb. Böyük malikanələrin uca hasarları arxasında hovuzda sərinlənən feodallarla günün altında küçədə balasına çörək almaq üçün qatıq satan, dəmir yığan məzlum insanlar arasında Çin səddi yaranıb. Minlərlə manat borcu olsa da qalaçasının divarından vahimələnən işıq işçisi cəsarət edib o feodalın elektrikini kəsə bilmir. Amma fəqirin uçuq, suvaqsız hasarına baxıb beş manat borca görə heç xəbərdarlıq etmədən birbaşa dirəyin başından işığını kəsir...
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada