Azərbaycan ilə Almaniya arasında strateji tərəfdaşlıq münasibətləri iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsi fonunda yeni inkişaf mərhələsinə qədəm qoya bilər.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov News365.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, iki ölkə arasında ticarət əlaqələri son illərdə dinamik inkişaf edib.
“2025-ci ildə Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 1 milyard avroya yaxın olub. Bu, əvvəlki illə müqayisədə müəyyən azalma demək olsa da, son beş ildə ümumi ticarət dövriyyəsində 68 faiz artım qeydə alınıb. Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu ölkədən müxtəlif sənaye məhsulları idxal edilir, eyni zamanda Azərbaycan məhsulları Almaniya bazarına ixrac olunur”, – deyə o bildirib.
V.Bayramovun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır.
“2020-ci ilin dekabr ayının sonundan etibarən Azərbaycan Avropa İttifaqına 63 milyard kubmetrə yaxın təbii qaz ixrac edib. Hazırda ölkəmiz ümumilikdə 16 dövlətə təbii qaz nəql edir. Azərbaycan qazı təkcə NATO üzvü olan ölkələrə deyil, digər Qərbi Avropa dövlətlərinə də çatdırılır. Bu isə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyətini daha da artırır”, – deyə deputat vurğulayıb.
Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacaq.
“Almaniya ilə Azərbaycan arasında iqtisadi münasibətlər yalnız idxal və ixracla məhdudlaşmır. Burada texnologiya transferi, investisiyaların artırılması, istehsalın modernləşdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi kimi strateji istiqamətlər də var. Prezident İlham Əliyevin Almaniyaya səfəri bu sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə, strateji tərəfdaşlığın möhkəmlənməsinə və iqtisadi əlaqələrin yeni mərhələyə keçməsinə xidmət edəcək”, – deyə V.Bayramov əlavə edib.