“Temu”
onlayn platformasına qarşı ölkəmizdə rəsmi etiraz başlayıb. Bəzi dövlət
qurumları hesab edir ki, bu platforma soydaşlarımızı incidir, onların haqqına
girir.
Bu
doğrudanmı belədir?
Mövzu ilə
bağlı danışan iqtisadçı Natiq Cəfərli
deyir ki, Azərbaycan hökuməti “Temu”dan narazıdır:
“Deyir ki,
niyə məhsulları ucuz satırsan, güya, bu rəqabət məcəlləsini pozmaqdır.
Bəli,
dünyada “dumping” anlayışı var – hansısa istehsalçı (əsasən istehsalçı, xidmət
sahəsi də ola bilər, amma, buna az təsadüf olunur) bazara nəzarəti artırmaq istəyəndə
istehsal etdiyi məhsulun qiymətini aşağı çəkir, bir müddər dözür, daha zəif rəqibləri
o qiymətə istehsal etdiyi məhsulları sata bilmir deyə, sıradan çıxır, sonra
“dumping” edən böyük şirkət bazarın böyük bir hissəsini ələ keçirib qiymətləri
qaldırır, bununla da itirdiklərini artıqlaması ilə geri qaytarır.
“Temu”
istehsalçıdırmı? Yox. “Temu” - Çin mənşəli, beynəlxalq onlayn alış-veriş və
elektron ticarət platformasıdır. Şirkər birbaşa istehsalçılarla işləyir və
geyim, elektronika, məişət əşyaları, kosmetika, oyuncaqlar və alətlər və s.
daxil olmaqla milyonlarla fərqli məhsul təklif edir. Yəni, qiyməti
istehsalçılar qoyur, “Temu” isə məhsulları birbaşa istehsalçıdan alaraq
çatdırılmanı həyata keçirir.
Yəni,
“dumping” etmək üçün imkanı məhduddur, qiyməti istehsalçı verir, “Temu” isə
sifariş və çatdırılmada iştirak edir.
Yaxşı, bəs
“Temu” şirkətinin fəaliyyətinə nəzarət olmalı deyilmi? Əlbəttə ki, olmalıdır.
İstehlakçıların hüquqlarını dövlət qorumalıdır - əgər bəzi istifadəçilər
sifariş edilən məhsulların keyfiyyətsiz, xarab çıxmasından və ya reklam olunan
şəkildən fərqli gəlməsindən şikayət edirlərsə, mütləq araşdırma aparılmalı,
istehlakçının hüququ qorunmalıdır.
Bəs indi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nədən məhz “dumping”
məsələsini önə çəkib araşdırma aparır?! Kim şikayət edib bu məsələdən?! Hansı rəqibi?!
Alan razı – satan razıdırsa, istehlakçılardan şikayət yoxdursa, niyə əl-ayağa
düşüblər?! Yaxşı, tutalım, “Temu” cəza aldı, böyük cərimə ödəməli oldu – o
zaman da, çatdırılma xidməti bahalaşdıracaq axı, həmin cəriməni biz – vətəndaş
ödəməli olacağıq.
Bu sadə həqiqəti
illərdir hökumətə çatdıra bilmirik – istənilən cərimə-vergi-rüsumun son ödəyicisi
vətəndaşdır, biznes bunu cibindən ödəmir. Siz cərimələri artırdıqca, qiymətləri
yüksəldirsiniz, vətəndaşın daha çox ödəməsinə səbəb olursunuz... “
News365.az