Almaniya ilə enerji və texnologiya sahəsində əməkdaşlıq genişlənə bilər

Almaniya ilə enerji və texnologiya sahəsində əməkdaşlıq genişlənə bilər
10:40

Almaniya Prezidenti ilə keçirilən görüş və səsləndirilən bəyanatlar Azərbaycan–Almaniya münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri politoloq Elçin Mirzəbəyli News365.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Almaniya dünyanın üçüncü, Avropa İttifaqının isə ən böyük iqtisadiyyatına malik ölkədir və bu baxımdan Azərbaycan üçün mühüm tərəfdaş hesab olunur.

“Almaniya dünyanın üçüncü iqtisadiyyatı, Avropa İttifaqının isə birinci iqtisadiyyatıdır. Bu ölkə ilə texnoloji, sənaye və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Yeni geosiyasi düzənin formalaşdığı bir dövrdə enerji və nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da artır. Bu da Almaniya ilə əməkdaşlıq üçün əlavə imkanlar yaradır”, – deyə politoloq bildirib.

Elçin Mirzəbəyli qeyd edib ki, Almaniya Avropa İttifaqında yaşıl enerji və yaşıl texnologiyaların tətbiqində öncül ölkələrdən biridir.

“Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr Almaniya ilə bu istiqamətdə əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır. Bu sahədə kifayət qədər böyük potensial mövcuddur”, – deyə o vurğulayıb.

Politoloqun sözlərinə görə, Rusiya qazının Avropaya tədarükü ilə bağlı yaranan problemlər Almaniyanın enerji sektorundakı roluna da təsir göstərib.

“Rusiya qazının Avropaya nəqlində yaranan problemlərdən sonra Almaniya əvvəlki qazpaylayıcı mərkəz funksiyasını böyük ölçüdə itirib. Mövcud şərait isə Azərbaycanla Almaniya arasında enerji əməkdaşlığının genişlənməsi üçün yeni perspektivlər formalaşdırır. Hazırda iki ölkə arasında iqtisadi əlaqələr mövcuddur, lakin bu münasibətlər hələ də mövcud potensiala tam uyğun səviyyədə inkişaf etməyib”, – deyə Elçin Mirzəbəyli əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada