ABŞ-lı milyarder Cefri Epşteynin qadın alveri və cinsi istismar şəbəkəsinə köməklik etməkdə ittiham olunan 69 yaşlı fransalı Daniel Siad ölü tapılıb.
News365.az xəbər verir ki, bu barədə Nanter prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, hadisə ilə bağlı ölümün səbəblərini müəyyənləşdirmək üçün araşdırma və tibbi ekspertiza (autopsiya) təyin edilib.
Aralarında təcavüz iddiaları da olmaqla bir neçə şikayət üzrə hədəfə alınan Siad, insan alverinə qarşı mübarizə üzrə ixtisaslaşmış idarə tərəfindən istintaqa cəlb olunmuşdu. Hələ ki müstəntiqlər tərəfindən dindirilməyən 69 yaşlı şəxs ittihamları rədd edir, dinlənilərək hadisələrlə bağlı öz versiyasını təqdim etmək istədiyini bildirirdi.
Daniel Siadın adı məxfiliyi ləğv edilmiş "Epşteyn faylları" çərçivəsində dərc olunan 1000-dən çox sənəddə keçirdi. Məlumata görə, o, Epşteyn üçün qadınların cəlb edilməsi prosesini balıq tutmağa bənzədirmiş. Siad 2014-cü ildə Cefri Epşteynə yazdığı məktubda "Bu işdə bəzən özümü balıqçı kimi hiss edirəm, bəzən tez tuturam, bəzən isə heç balıq olmur" ifadələrini işlədibmiş.
Bununla belə, Siad amerikalı məhkum olunmuş cinsi cinayətkarın (Epşteynin) onun etibarından sui-istifadə etdiyini iddia edirdi.
Qeyd edək ki, Fransa hakimiyyəti 2020-ci ildə ABŞ milyarderi üçün qadın təmin etməkdə günahlandırılan model agenti Jan-Lük Bruneli də həbs etmişdi. O, 2022-ci ildə həbsxanada ölü tapılmışdı. Cefri Epşteynin özü isə 2019-cu ildə sex-trefiking ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada ölü tapılıb.
News365.az