"Gələcəyə inamla baxmaq üçün kifayət qədər əsasımız var"

"Gələcəyə inamla baxmaq üçün kifayət qədər əsasımız var"
14:21


Bu gün Azərbaycan milli mətbuatının yaradılmasının 151-ci ildönümüdür. Zəngin ənənələrə malik milli mətbuatımız əsrdən artıq bir dövrdə şərəfli və məsuliyyətli yol keçib.

Bu sözləri News365.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.


Milli Mətbuat Gününün onun üçün ikiqat təşəkkür günü olduğunu bildirən politoloq jurnalistlərlə əməkdaşlığından məmnunluğunu ifadə edib:

"Birincisi, mətbuata gəldiyim gündən etibarən çox dəyərli jurnalistlərlə tanış olmuşam. İstər gənc, istərsə də böyük təcrübəyə sahib həmkarlarımdan çox şey öyrənmişəm və bu gün də öyrənməyə davam edirəm. İkincisi, bir politoloq kimi həm saytlarda, həm qəzetlərdə, həm də televiziyalarda çıxış etməyimdə, müəyyən qədər tanınmağımda çoxsaylı jurnalistlərin böyük dəstəyi olub. Buna görə hər kəsə təşəkkür edirəm!"

"Kifayət qədər əsasımız var"

T.Rzayev qeyd edib ki, mətbuatın bugünkü vəziyyəti ilə bağlı fərqli mülahizələr olsa da, gələcəyə nikbin baxmaq vacibdir:

"Mətbuatımızın bugünkü vəziyyətindən narazı olanlar da var, razı qalanlar da. Amma gələcəyə inamla baxmaq üçün kifayət qədər əsasımızın olduğunu düşünürəm. Çətinliklərə, imkanların məhdudluğuna baxmayaraq, mediada bir-birinə dəstək olan, həmkarının uğuruna sevinən, onun inkişafı üçün əlindən gələni edən insanlar çoxdur!"

"Həsən bəy Zərdabi ənənələri yaşayacaq"

Politoloq xarici səfərlərdə və beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edən jurnalistlərin rolunu xüsusi vurğulayıb:

"Təcrübəsi olmayan gənclərə medianın incəliklərini öyrədən, peşəkar jurnalistlərin yetişməsi üçün zəhmət çəkən dəyərli ustadlarımız var. Xarici dil biliyi yüksək səviyyədə olan və ya məhdud imkanlarla belə ölkəmizi xarici səfərlərdə, beynəlxalq tədbirlərdə təmsil edən jurnalistlərimiz var.

Gününüz mübarək, dəyərli dostlar, həmkarlar və ustadlar! Siz olduqca media yaşayacaq, ölkəmizin işığı, həqiqət günəşi sönməyəcək. Siz olduqca Həsən bəy Zərdabinin yaratdığı mətbuat ənənələri yaşayacaq!"


Sizin reklam burada
Sizin reklam burada