Azərbaycan müstəqil dövlətdir və xarici siyasət kursunu, tərəfdaşlıq prioritetlərini tamamilə öz milli maraqlarına uyğun müəyyənləşdirir. Ölkəmizin yürütdüyü çoxvektorlu siyasət həm ərazi bütövlüyümüzün bərpasına, həm də qlobal miqyasda söz sahibinə çevrilməyimizə zəmin yaradıb.
Bu fikirləri News365.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu rusiyalı parlamentari Aleksandr Tolmaçevin Azərbaycan-Almaniya münasibətləri ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirərkən vurğulayıb.

H.Babaoğlu qeyd edib ki, Avropa İttifaqının aparıcı iqtisadiyyatı olan Almaniya ilə sıx əməkdaşlıq Azərbaycanın strateji hədəflərinə tam cavab verir. Bakı ilə Berlin arasında yaşıl enerjidən hərbi təhlükəsizliyə, innovativ texnologiyalardan təhsilə qədər geniş spektri əhatə edən razılaşmalar mövcuddur.
Deputatın sözlərinə görə, Rusiya siyasi dairələrindəki müəyyən şəxsləri narahat edən də məhz bu uğurlu diplomatik həmlədir:
"Rusiya özü Almaniya ilə bu səviyyədə münasibətlər qurmaq istərdi, lakin buna nail ola bilmədi. Moskvanın bacarmadığını Bakının reallaşdırması görünür Tolmaçevi və ona sifariş verənləri ciddi şəkildə qıcıqlandırır. Ən acınacaqlısı odur ki, ona ötürülən tezisləri primitiv formada təqdim edərək Azərbaycanı Ukrayna və Ermənistanla müqayisə etməyə çalışır. Halbuki o tezisləri hazırlayanların özləri belə bu cür səfeh müqayisəyə cəsarət etməzdilər."
A.Tolmaçevin iddialarını onun siyasi təcrübəsizliyi ilə əlaqələndirən millət vəkili rusiyalı deputata soyadının kökünü xatırladıb:
"Bunu Dövlət Dumasının gənc deputatının təcrübəsizliyinə bağışlamaq olar. O, hər şeydən əvvəl soyadının – 'Tolmaçev'in (Dolmaçı) mənasını və qıpçaq əcdadlarının kimliyini araşdırmalıdır. Yalnız bundan sonra tədricən siyasətin incəliklərini öyrənməyə başlaya bilər. Əminəm ki, dərketmə qabiliyyəti artdıqca verdiyi bəyanatlardakı xətaların da sayı azalacaq."