Jurnalistikadan deputatlığa GEDƏNLƏR

Jurnalistikadan deputatlığa GEDƏNLƏR
11:24

22 iyul Azərbaycan Milli Mətbuatının 151 illiyidir. Bu peşə cəmiyyətə təkcə xəbər yazan və informasiya yayan qələm sahibləri yox, həm də dövlət idarəçiliyində söz sahibi olan məmurlar, parlamentdə qanunlar qəbul edən deputatlar qazandırıb.

Vaxtilə redaksiyalarda çalışan, qəzet və televiziya jurnalistikasında fəaliyyət göstərən bir sıra eks-jurnalistlərin yolu Milli Məclisdən keçib - onlar qanunverici orqanda deputat kimi təmsil olunublar. Bu isə onu göstərir ki, jurnalistika parlamentə aparan məktəblərdən biri ola bilir.

Qeyd etdiyimiz kimi, Azərbaycan parlamentində müxtəlif dövrlərdə media sahəsində çalışmış deputatlar az olmayıb, indi də var. Onların bir qismi müxbir, bir qismi redaktor, baş redaktor və televiziya aparıcısı kimi fəaliyyət göstərib, sonradan isə seçkilərə qatılaraq deputat seçiliblər.

Hazırkı Milli Məclisdə jurnalistika təcrübəsinə malik 11-ə yaxın deputat fəaliyyət göstərir. Onların kim olduqlarini diqqətinizə çatdırırıq:

85 saylı Füzuli - Ağcabədi seçki dairəsindən deputat seçilmiş Aqil Abbas.


1972-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış Aqil Abbas vaxtilə "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977–1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987–1990) işləyib. 1990-cı ildən 2005-ci ilə kimi "Ədalət" qəzetinin baş redaktoru olub.
2005-ci ildə deputat seçiləndən sonra “Əfdalət” qəzetinin təsisi kimi qalıb.
"Əməkdar jurnalist" fəxri adına malik olan Aqil Abbas Milli Məclisin III, IV, V,VI və VII çağırışında deputat seçilib. Bir sıra mükafatlara, orden və medallara sahibdir.

93 saylı Ağdaş seçki dairəsinin depuatı Sahib Alıyev.


1991-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika ixtisasını bitirən Sahib Alıyev vaxtilə həm yazılı mətbuatda, həm də televiziyada fəaliyyət göstərib.
O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Moskvada xüsusi müxbiri, şərhçisi, 1995–1998-ci illərdə baş redaktorun müavini olub
Sahib Alıyev 1992-ci ildə keçirilmiş prezdent seçkilərində prezidentliyə namizədlər arasında təşkil olunmuş debata aparıcılıq edib.
O, daha sonralar “Panorama”, “Avrasiya” qəzetlərinin baş redaktoru, 1998-ci ildən ANS telekanalının redaktoru, 2001-ci ildən “Mərkəz” qəzetinin baş redaktoru, 2003-cü ildən “Lider” televiziyasının redaktoru və siyasi icmalçısı olub. 2006–2010-cu illərdə “Lider” televiziyasında analitik qrupun rəhbəri vəzifələrində çalışıb.
Əməkdar jurnalist S.Alıyev Milli Məclisin IV, V, VI və VII çağırışda deputatı (2010-cu ildən indiyədək) seçilib. 2023-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub.

82 saylı İmişli - Saatlı seçki dairəsinin deputatı Səyyad Aran.


1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya, 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə doğulduğu İmişli rayonunda başlayıb. 1991-ci ildə İmişlidən Bakıya köçüb, əvvəlcə "Elm" qəzetində işləyib, orada şöbə müdiri olub. 1992-1995-ci illərdə isə "Səs" qəzetinin baş redaktorunun birinci müavini işləyib. 
2001-ci ildən sonra bir müddət  Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinin dekanı olub.
S.Aran I və II çağırış Milli Məclisin deputatı seçilib. 9 oktyabr 2006-cı ildən 3 may 2010-cu ilə qədər İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu işləyib.
16 noyabr 2012-ci ildən 2024-cü ilə qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.
2024-cü ildə VII çağırış Milli Məclisə deputat seçilib.
Səyyad Aran 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2015-ci ildə "Əməkdar jurnalist" adına layiq görülüb. Bir çox mükafatlarla, orden və medallarla təltif olunub.

84 saylı Füzuli seçki dairəsinin deputatı Vüqar Bayramov.


1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuni bitirib. 1997-ci ildə isə həmin ali məktəbin aspiranturasına daxil olan Vüqar Bayramov, 2002-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 2003–2004-cü illərdə ABŞ-nin Vaşinqton Universitetinin İqtisadiyyat fakültəsində təhsil alıb.
Vüqar Bayramov vaxtilə iqtisadiyyatdan yazan jurnalist kimi fəaliyyət göstərib. O, 90-cı illərin sonlarında “Azadlıq” qəzetində, 2000-ci illərin əvvəllərində “Yeni Yüzil” qəzetlərində İqtisadiyyat şpbəsinin müdiri işləyib.
1999–2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, 2001–2002-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin məsləhətçisi olub, 2015–2019-cu illərdə Asiya İnkişaf Bankı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə proqramlarında iqtisadiyyat üzrə milli ekspert, "Pricewater House Coopers" audit şirkətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə birgə dəstək proqramının maliyyə üzrə milli eksperti kimi çalışıb. 2019-cu ildən İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədridir.
Milli Məclisin VI və VII çağırış deputatı seçilib.

125 saylı Zəngilan - Qubadlı seçki dairəsinin deputatı İmamverdi İsmayılov.


Əslən Zəngilan rayonundan olan İmamverdi İsmayılov Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.
“Qızıl qələm” mükafatı laureatı, bir neçə kitabın müəllifidir.
1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir, kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri, Azərbaycan Televiziyasının “Gənclik” baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb. 1990–1992-ci illərdə “Kirpi” jurnalının şöbə müdiri olub.
İ.İsmayılov 1995-ci ilə ta bugünədək deputatdır. O, Milli Məclisin I, I, III, IV, V, VI və VII çağırış deputatı seçilib. Əməkdar jurnalistdir, bir sıra digər təltiflərə layiq görülüb.

58 saylı Xaçmaz kənd seçki dairəsinin deputatı Sevil Mikayılova.


Azərbaycan Dövlət Dillər Universitetinin İngilis dili fakültəsini bitirib. 1992–1996-cı illərdə Sumqayıt şəhəri Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində, 1996–1999-cu illərdə Bakı Elmi-Tədris Mərkəzinin İnformatika və İdarəetmə İnstitutunda ingilis dili müəllimi olub.
1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində redaktor, 1999– 2001-ci illərdə “Midiya Press” İnformasiya Agentliyində, 2001–2004-cü illərdə “525-ci qəzet”də tərcüməçi işləyib.
2004–2012-ci illərdə “Trend” İnformasiya Agentliyində tərcüməçi, Tərcümə mərkəzinin direktoru, Tərcümə departamentinin direktoru, 2012–2017-ci illərdə “Azernews” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 2017-ci ildən hal-hazıradək “Trend” İnformasiya Agentliyi baş direktorunun müavino postunu tutur. Əməkdar jurnalistdir. Milli Məclisin VI və VII çağırış deputatı seçilib.

90 saylı Ağsu seçki dairəsinin deputatı Elçin Mirzəbəyli.


1990-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu, 1992-ci ildə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib.
"Sevil" kinoteatrının direktoru, "Sara" TV-nin "Xəbər" departamenti direktorunun müavini və redaktoru, "Üç nöqtə" qəzetinin redaktoru olub.
2015–2017-ci illərdə “Lider” Televiziyasında "Geosiyasət" proqramının müəllifi və aparıcısı, 2017–2019-cu illərdə “Xəzər” TV-də gündəlik "Xəzər Aktual" proqramının aparıcısı olub.
2006–2024-cü illərdə "Xalq Cəbhəsi" qəzetinin və eyniadlı saytın, 2010–2018-ci illərdə Azərbaycan və italyan dillərində yayımlanan "Via della Seta" (İpək yolu) jurnalının baş redaktoru olub. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.
2024-cü ildə Milli Məcisin VII çağırışına deputat seçilib. Əməkdar jurnalistdir.

69 saylı Biləsuvar seçki dairəsinin deputatı Bəhruz Məhərrəmov.


1983-cü ildə Zərdab rayonunun Ağabağı kəndində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. Hüquq üzrə fəlsəfə doktoru, dosentdir.
2003–2010-cu illərdə “Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin “Xəbərlər” redaksiyasının müxbiri, redaktor müavini, redaktoru olub.
2010-cu ildən Azərbaycan Beynəlxalq Bankı Tədris mərkəzində hüquqşünas, 2011-ci ildən “Media İnvest” MMC-də “Discovery Azerbaijan” jurnalının hüquqşünası, baş redaktor müavini, 2012-ci ildən “AvroMed Company” MMC-də baş direktorun müavini, Hüquq şöbəsinin müdiri işləyib. 2015–2018-ci illərdə Konstitusiya Məhkəməsi Aparatının Mülki hüquq şöbəsinin məsləhətçisi, 2019–2020-ci illərdə “Paşa Sığorta” ASC-nin Hüquq xidmətinin rəhbəri vəzifələrində çalışıb. 2018–2020-ci illərdə Vəkillər Kollegiyasının üzvü olub. 2013-cü ildən Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllimi və dosentidir. Milli Məclisin VI və VII çağırış deputatı seçilib.

19 saylı Nərimanov birinci seçki dairəsinin deputatı Hikmət Məmmədov.


1997-ci ildə Bakı Sosial idarəetmə və Politologiya İnstitutunu, 2002-ci ildə Dövlət İdarəçilik Akademiyasını bitirib. Politoloq və dövlət və bələdiyyə idarəetməsi ixtisaslarına mailkdir. Siyasi elmlər doktoru, professordur.
1993–1995-ci illərdə “Çinar” qəzetinin müxbiri, baş müxbiri, 1995–1999-cu illərdə Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında təlimatçı, baş təlimatçı vəzifələrində çalışıb. 1997–ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Analitik informasiya şöbəsinin rəisi, 1998-2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
2008-2021-ci illərdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru işləyib.
2003-cü ildən Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasının baş müəllimi, 2014-cü ildən isə professorudur. “Qızıl qələm", Həsən bəy Zərdabi mükafatları laureatıdır. Əməkdar jurnalist adına layiq görülüb.

33 saylı Xətai birinci seçki dairəsinin deputatı Zahid Oruc.


1994-cü ildə Azərbaycan Politexnik İnstitutunun bitirərək, elektron texnikası mühəndisi ixtisasına yiyələnib. Azərbaycan Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub, sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi kimi çalışıb.
1992-ci ildə Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib. 1999–2000-ci illərdə Ana Vətən Partiyasının "Ana Vətən" adlı qəzetinin baş redaktoru işləyib
2001, 2005, 2010, 2015, 2020 və 2024-cü illərdə II, III, IV, V, VI və VII çağırış Milli Məclisin deputatı seçilib.
2013-cü, 2018-ci və 2024-cü il tarixlərində keçirilən prezident seçkilərində öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürüb, seçkiləri ikinci sırada başa çatdırıb.
2019-cu ildən 2026-cı ilədək Sosial Tədqiqatlar Mərkəzinin sədri işləyib. Hazırda Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir. Bir sıra təltiflərə malikdir.

6 saylı Ordubad - Culfa seçki dairəsinin deputatı Vüqar Rəhimzadə.


Əslən Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Saltaq kəndindən olan V.Rəhimzadə 1992-1996-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Neft-mexanika fakültəsində ali təhsil alıb. 2006-cı ildə isə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib.
V.Rəhimzadə 1989-cu ilin oktyabr ayından yaradıcılıq fəaliyyəti nəzərə alınaraq çalışdığı "Azərneftkimyazavodtəmir" trestinin çoxtirajlı "Böyük kimya uğrunda" qəzetinin müxbiri təyin edilib. 1990-cı ilin iyulunda həmin qəzetin redaktoru vəzifəsinə irəli çəkilib.
Jurnalistlik fəaliyyətini 1991-ci ildən "İki sahil" qəzetində əvvəlcə məsul katib, indiyədək baş redaktor kimi davam etdirməkdədir.
1997–2000-ci illər ərzində eyni zamanda "Azərneftyağ" İstehsalat Birliyində Baş direktorun sosial məsələlər üzrə müavini işləyib. Hazırda Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri vəzifəsində çalışır. Siyası elmlər doktoru, professordur.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mukafatı laureatıdır.
2000-ci ilin noyabr ayında keçirilən parlament seçkilərində 5 saylı Culfa–Ordubad seçki dairəsindən Azərbacan Respublikası Milli Məclisinin deputatı seçilib.
2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılması ilə bağlı təşkilat komitəsinin üzvü olub, Azərbaycan jurnalistlərinin I qurultayında isə Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib. Növbəti qurultaylarda da jurnalisitlər tərəfindən Mətbuat Şurası İdarə Heyətinin üzvülüyünə yenidən etimad göstərilib. Hazırda Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 
2024-cü ildə Milli Məclisin VII çağırış deputatı seçilib./// moderrn


Sizin reklam burada
Sizin reklam burada