İranın mümkün quru əməliyyatlarına qarşı hazırlıq gördüyü barədə iddialar gündəmdə qalmaqdadır.
Politoloq Aydın Quliyev News365.az-a açıqlamasında bildirib ki, Tehran uzun müddətdir ABŞ-ın belə bir ssenariyə əl ata biləcəyini nəzərə alaraq hazırlıqlarını davam etdirir.

“İran əvvəldən etibarən ABŞ-ın quru əməliyyatına başlaya biləcəyi ehtimalını nəzərə alıb və müdafiə baxımından buna hazırlaşır. Hərbi ekspertlər belə bir əməliyyatın son dərəcə çətin olacağını qeyd etsələr də, İran bunu mümkün ssenarilərdən biri kimi qiymətləndirərək hazırlığını davam etdirir. Bu, normal yanaşmadır”, – deyə o bildirib.
Politoloqun sözlərinə görə, ABŞ-ın regionda hərbi fəallığını artırması quru əməliyyatının başlanacağı anlamına gəlmir.
“ABŞ-ın bölgəyə əlavə hərbi qüvvələr, qırıcı təyyarələr və digər texnika yerləşdirməsi, quru qoşunlarının sayını artırması gərginliyin yüksəldiyini göstərir. Lakin bütün bunlara baxmayaraq, Vaşinqtonun yaxın vaxtlarda quru əməliyyatına başlayacağını qəti şəkildə söyləmək mümkün deyil. Xüsusilə də ABŞ-da seçki ərəfəsinin olması belə bir qərarın qəbulunu daha da çətinləşdirir. Çünki belə bir əməliyyatın nəticələrinin necə olacağı əvvəlcədən proqnozlaşdırıla bilmir”, – deyə A.Quliyev vurğulayıb.
Onun fikrincə, Vaşinqtonun əsas məqsədi hərbi müdaxilədən daha çox İrana siyasi və hərbi təzyiq göstərməkdir.
“ABŞ-ın hazırkı addımları daha çox İrana təzyiq göstərməyə, onu danışıqlar masasına gətirməyə hesablanıb. Eyni zamanda Vaşinqton İran ətrafında uzunmüddətli, aşağı intensivlikli münaqişə ssenarisini davam etdirmək niyyətindədir. Görünən odur ki, ABŞ hazırkı mərhələdə tammiqyaslı sülhə deyil, öz şərtlərini qəbul etdirəcək uzunmüddətli təzyiq strategiyasına üstünlük verir. Bu baxımdan, qısamüddətli hərbi zərbələr və davamlı gərginlik siyasəti hazırda daha real ssenari kimi görünür”, – deyə politoloq əlavə edib.