Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi davam edərkən, hələ də işğal altında qalan anklav kəndlərin qaytarılması məsələsi gündəmin əsas mövzularından biri kimi qalır. Xüsusilə Sofulu, Bərxudarlı və digər ərazilərin hansı yolla azad ediləcəyi ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Ekspertlər güc tətbiqinin mümkün risklərinə diqqət çəkərək, problemin həllində diplomatiyanın və hüquqi mexanizmlərin daha effektiv olacağını bildirirlər.
News365.az xəbər verir ki, hərbi ekspert Ramil Məmmədli anklav kəndlərin qaytarılması üçün hərbi əməliyyat variantını istisna edir.

Ekspertin fikrincə, hüquqi baxımdan tam haqlı olduğumuz bir məsələdə güc tətbiq etmək Azərbaycanı beynəlxalq müstəvidə əsas sız ittihamlarla üz-üzə qoya bilər:
"Beynəlxalq hüquqa əsasən bu kəndlər mütləq Azərbaycana qaytarılmalıdır. Elə isə haqlı olduğumuz halda niyə hərbi yola əl atmalıyıq? Belə bir addım qarşı tərəfə Azərbaycanı 'təcavüzkar' kimi qələmə vermək üçün bəhanə yaradar. Biz öz suveren ərazimizdə antiterror əməliyyatı keçirəndə bile əsassız təzyiqlərlə qarşılaşdıq. Hazırda Bakı ilə İrəvan arasında artıq müəyyən etimad mühiti formalaşıb — neft məhsulları ixrac olunur, tranzit yükdaşımalar həyata keçirilir və nəqliyyat kommunikasiyalarının bərpası üçün real imkanlar var. Belə bir məqamda Ermənistandakı revanşist qüvvələrin əlinə kozır verməyə dəyməz."
Hərbi təhlilçi vurğulayır ki, Ermənistan nəticədə razılığa gəlməyə məcbur olacaq və kəndlərimiz diplomatik təzyiqlər nəticəsində geri qaytarıla bilər:
Texniki proses və təcrübə: Sərhədlərin müəyyənləşməsi uzunmüddətli texniki prosesdir. Azərbaycan oxşar təcrübəni Rusiya və Gürcüstanla da yaşayıb. Müasir texniki imkanlar bu prosesi daha da sürətləndirməyə imkan verir.
Ermənistanın vaxt qazanmaq cəhdi: İrəvan tərəfi müxtəlif bəhanələrlə, xüsusən Başkənd məsələsini qabartmaqla prosesi süni şəkildə uzatmağa çalışır.
Qarşılıqlı həll: Delimitasiya xəritələri dəqiqləşdirilərkən Sofulu və Bərxudarlı kəndləri ilə bağlı məsələ də öz ədalətli həllini tapacaq.
Ramil Məmmədli yekun olaraq bildirib ki, problemin yeganə və effektiv həlli yolu güc tətbiqindən deyil, danışıqlar masasından və delimitasiya prosesindən keçir.