Atəşkəs olsa belə, əsas sual danışıqların necə başlayacağıdır

Atəşkəs olsa belə, əsas sual danışıqların necə başlayacağıdır
10:50

ABŞ ilə İran arasında yaranmış gərginliyin gələcək inkişafı ilə bağlı hələ də ciddi qeyri-müəyyənlik qalmaqdadır.

Politoloq Şahin Cəfərli News365.az-a açıqlamasında bildirib ki, mümkün atəşkəs belə əsas sualları aradan qaldırmır.

“Bu, çox mürəkkəb məsələdir. Atəşkəs əldə olunsa belə, əsas suallardan biri ondan ibarətdir ki, tərəflər yenidən danışıqlar masasına əyləşəndə əvvəl əldə olunmuş anlaşmaya qayıdacaqlar, yoxsa tamamilə yeni müzakirələr başlayacaq. Yəni yeni razılaşma mətninin hazırlanması üçün proses sıfırdan başlanacaqmı? Hazırda bu suala aydın cavab yoxdur”, – deyə politoloq bildirib.

Ş.Cəfərlinin sözlərinə görə, mövcud vəziyyət strateji baxımdan dalana dirənib.

“Amerika bombardmanları bərpa edib və artıq 8-9 gündür zərbələr endirilir. Lakin bundan sonrakı strategiyanın nə olacağı bəlli deyil. ABŞ bombardmanlar vasitəsilə İrana müəyyən zərər vura, hərbi obyektlərini, infrastrukturunu, son günlər isə körpüləri və yol infrastrukturunu hədəfə ala bilər. Amma bunun sonunun necə nəticələnəcəyi hələ də aydın deyil”, – o qeyd edib.

Politoloq hesab edir ki, İsrail hərbi əməliyyatlara qoşulmağa hazır olsa da, Vaşinqton hazırkı mərhələdə buna maraq göstərmir.

“İsrail istənilən an əməliyyatlara qoşulmağa hazırdır. Amma ABŞ bu mərhələdə İsraili prosesə cəlb etmək istəmir. Məncə, bunun əsas səbəbi odur ki, İsrail qoşulduğu halda Amerikanın həyata keçirdiyi əməliyyatlara etirazlar daha da artacaq. Həm ABŞ daxilində, həm də beynəlxalq səviyyədə İsrailin iştirakı daha ciddi narazılıq yaradır. Çünki İsrailin imici və reputasiyası xüsusilə Qəzzada baş verən hadisələrdən sonra ciddi şəkildə zədələnib və dünyada, eləcə də Amerikanın özündə anti-İsrail əhval-ruhiyyəsi xeyli güclənib”, – deyə Ş.Cəfərli vurğulayıb.

Onun fikrincə, ABŞ İsraili prosesdən kənarda saxlamaqla həyata keçirdiyi hərbi əməliyyatların legitimliyini qorumağa çalışır.

“Son günlər müşahidə olunur ki, bu əməliyyatlara qarşı ciddi etirazlar yoxdur. Bunun əsas səbəblərindən biri də odur ki, İran əvvəlki anlaşmanı özü pozub. Bu səbəbdən ABŞ-ın hazırkı əməliyyatları əvvəlki müharibə dövründə həyata keçirilən əməliyyatlarla müqayisədə daha legitim qəbul olunur”, – politoloq əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada