Bu ildən etibarən Azərbaycanda ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına start veriləcək.
Bu barədə News365.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, məlumatproqram beynəlxalq təcrübə əsasında pilot layihə kimi həyata keçiriləcək və tədris əsaslı doktorantura modeli tətbiq olunacaq:
"İlkin mərhələdə proqram 4 təhsil müəssisəsində – Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Ali Neft Məktəbində həyata keçiriləcək. Layihə çərçivəsində riyaziyyat, fizika, kimya, biologiya, yer elmləri, texniki elmlər və pedaqogika olmaqla 7 elm sahəsi üzrə 80 doktorantın hazırlanması nəzərdə tutulur.
Məlumata görə, təhsil müddəti minimum 4 il olacaq. İlk 2 il tədris və tədqiqat, növbəti 2 il isə yalnız elmi tədqiqat fəaliyyətinə ayrılacaq.
Proqram çərçivəsində təhsil yalnız dövlət sifarişi və əyani forma üzrə təşkil ediləcək. Qəbul olunan şəxslər doktorantura təqaüdü ilə yanaşı, əlavə yüksək məbləğli SABAH təqaüdü də alacaqlar. Eyni zamanda doktorantların qəbul olunduqları müəssisələrdə elmi-pedaqoji fəaliyyətə cəlb olunacağı bildirilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi plana əsasən, respublika üzrə fəlsəfə doktoru proqramı üçün ümumilikdə 1388 yer ayrılıb. Bu göstərici ötən illə müqayisədə 213 yer və ya 18 faiz çoxdur. Qəbulun 90 müəssisə üzrə 300-ə yaxın ixtisası əhatə edəcəyi qeyd olunub. Ayrılan yerlərin 65 faizi ali təhsil müəssisələrinin, 35 faizi isə elmi müəssisələrin payına düşür.
Bildirilib ki, artıq son iki ildə doktoranturaya qəbul yalnız fəlsəfə doktoru proqramı üzrə həyata keçirilir və ali təhsil müəssisələrinə qəbul olunan bütün doktorantlar dövlət sifarişi əsasında ödənişsiz təhsil alırlar. Növbəti ildə də qəbulun yalnız dövlət sifarişi əsasında aparılması proqnozlaşdırılır.
Xatırladaq ki, doktorantura səviyyəsinə sənəd qəbulu elektron qaydada portal.edu.az platforması üzərindən aparılır. Sənəd qəbulu iyunun 9-u saat 18:00-da başa çatacaq".