Boşanma prosesində olduğu həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən şəxs məhkəmənin hökmü ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
News365.az xəbər verir ki, məhkəmə materiallarına əsasən, hadisə 2026-cı ilin mayında ailənin yaşadığı fərdi evdə baş verib. İttihama görə, ər ilə arvad arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı təqsirləndirilən şəxs həyat yoldaşına başı ilə burun nahiyəsindən, həmçinin əli ilə sağ əlindən zərbə vurub.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş qadının burun sümüyündə yerdəyişməyən sınıq, burunun yumşaq toxumalarının əzilməsi və sağ əl nahiyəsində qançırlar aşkarlanıb. Xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti kimi qiymətləndirilib.
Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, zərərçəkmiş onun həyat yoldaşıdır. Onların 2013-cü ildə ailə qurduqlarını və iki övladlarının olduğunu deyən şəxs son illər ailədaxili münasibətlərin pisləşdiyini, hazırda isə boşanma prosesində olduqlarını qeyd edib.
Onun sözlərinə görə, hadisə günü yük daşımaqdan qayıtdıqdan sonra evə adapter götürmək üçün gəlib. Evdə uşağın ağladığını görərək səbəbini soruşub. Uşağın anasının qonşuda olduğunu öyrəndikdən sonra tərəflər arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxs əsəbiləşərək həyat yoldaşına başı ilə burun nahiyəsindən, əli ilə isə sağ əlindən zərbə vurduğunu etiraf edib. O, hadisədən sonra evi tərk etdiyini, spirtli içki və ya narkotik vasitə qəbul etmədiyini də bildirib.
İbtidai istintaq zamanı verdiyi ifadəsində isə mübahisənin həyat yoldaşının "Boşanırsansa, evi tərk et" deməsindən sonra daha da gərginləşdiyini, bundan sonra əsəbiləşərək ona zərbə vurduğunu deyib.
Zərərçəkmiş qadın da məhkəmədə ailə münasibətlərinin uzun müddətdir pozulduğunu və bu səbəbdən boşanmaq üçün məhkəməyə müraciət etdiyini təsdiqləyib. Onun sözlərinə görə, hadisə günü qonşuda idman etdiyi vaxt uşaqlar evdə olub və onlardan biri ağlayıb. Bu məsələ ər-arvad arasında mübahisəyə səbəb olub.
Qadın bildirib ki, mübahisə zamanı həyat yoldaşı onun üz nahiyəsinə başı ilə, sağ əlinə isə əli ilə zərbə vurub və nalayiq ifadələrlə təhqir edib. Bundan sonra o, Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edib.
Zərərçəkmiş qeyd edib ki, hadisə zamanı evdə onlardan başqa heç kim olmayıb və insidentin şahidi olmayıb. O, həmçinin məhkəmədən həyat yoldaşına ağır cəza verilməməsini xahiş edib. Bildirib ki, işləmir və iki azyaşlı övladının saxlanılması, eləcə də aliment öhdəliyi nəzərə alınmalıdır.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli bilərək ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.