Vəfat etmiş şəxslərin pensiya kapitalı ilə bağlı YENİ TƏKLİF - AÇIQLAMA

Vəfat etmiş şəxslərin pensiya kapitalı ilə bağlı YENİ TƏKLİF - AÇIQLAMA
14:31

Pensiya yaşı tamam olmadan vəfat edən şəxslərin topladığı pensiya kapitalının vərəsələrinə ödənilməsi məsələsi yenidən gündəmə gəlib. Milli Məclisin Əmək və sosial siyasət komitəsində bu istiqamətdə təkliflər müzakirə olunur.

Məsələ ilə bağlı News365.az-a danışan millət vəkili Vüqar Bayramov bildirib ki, pensiya kapitalının bir hissəsinin vərəsələrə verilməsi həm sosial ədaləti təmin edər, həm də vətəndaşların rəsmi məşğulluğa marağını artırar.


Vüqar Bayramov deyib ki, hazırda müzakirə edilən təkliflərdən biri pensiya yaşına çatmadan vəfat edən şəxsin topladığı pensiya kapitalının 30 faizinin vərəsələrinə ödənilməsidir.

"Bəzi vətəndaşlar uzun illər pensiya kapitalı toplayırlar, lakin pensiya yaşı tamam olmadan dünyasını dəyişdikləri üçün həmin vəsaitdən istifadə edə bilmirlər. Bu baxımdan pensiya kapitalının müəyyən hissəsinin vərəsələrə verilməsi məqsədəuyğun olardı. Milli Məclisin Əmək və sosial siyasət komitəsində də bu məsələ müzakirə olunur və pensiya kapitalının 30 faizinin vərəsələrə ödənilməsi ilə bağlı təklif irəli sürülüb."

Deputatın sözlərinə görə, belə bir mexanizmin tətbiqi vətəndaşların əmək müqaviləsi ilə işləməyə marağını da artıracaq.

"Bu yanaşma pensiya kapitalının formalaşdırılmasına marağı gücləndirəcək. İnsanlar biləcəklər ki, hər hansı səbəbdən pensiya yaşına çatmadan vəfat etsələr, topladıqları vəsaitin bir hissəsi həyat yoldaşına və ya övladlarına çatacaq. Bu isə həm rəsmi məşğulluğun artmasına, həm də pensiya sisteminin daha səmərəli işləməsinə müsbət təsir göstərə bilər."

V.Bayramov qeyd edib ki, hazırda qanunvericilikdə ailə üzvlərinin müəyyən hallarda vəfat etmiş şəxsin pensiyasından istifadə etmək hüququ var.

"Mövcud qaydalara əsasən, əgər vətəndaş pensiya aldıqdan qısa müddət sonra vəfat edərsə, müəyyən şərtlərlə həyat yoldaşı həmin pensiyadan yararlana bilir. Həmçinin yetkinlik yaşına çatmayan və ya əlilliyi olan övladların da bu hüquqdan istifadə imkanları mövcuddur. Lakin bu, pensiyanın özünə aiddir, pensiya kapitalına yox."

Millət vəkili hesab edir ki, pensiya kapitalının da vərəsələr tərəfindən istifadə edilməsinə imkan yaradılması üçün qanunvericilikdə dəyişikliklər və maliyyə qiymətləndirmələri aparılmalıdır.

"Bunun üçün müvafiq qaydaların hazırlanmasına və maliyyə qiymətləndirməsinin aparılmasına ehtiyac var. Məqsəd odur ki, vətəndaş pensiya yaşına çatmadan vəfat edərsə, topladığı pensiya kapitalının müəyyən hissəsi onun vərəsələrinə transfer oluna bilsin."


Sizin reklam burada
Sizin reklam burada