Azərbaycanda əhalinin mərasim xidmətlərinə çəkdiyi xərclərdə kəskin artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, son 5 ildə (2021-2025-ci illər ərzində) dəfn və yas mərasimlərinin təşkili üçün xərclənən vəsait düz 3 dəfə artaraq 63 milyon manata yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu rəqəm cəmi 21 milyon manat idi. Yalnız ötən ilin statistikasına nəzər salsaq, mərasim xərclərinin bir ildə 20 faiz artdığını görmək olar.
Məsələ ilə bağlı News365.az-a özəl açıqlama verən iqtisadçı Allahverdi Cəfərov bu sıçrayışlı artımın pərdəarxası məqamlarını və əsas səbəblərini diqqətə çatdırıb.
Pandemiya qadağaları və real mənzərə
İqtisadçı bildirib ki, 2020-2021-ci illərdəki rəqəmlərlə indiki dövrü birbaşa müqayisə etmək tam obyektiv mənzərəni əks etdirmir: “Həmin illərdə ölkədə tətbiq olunan pandemiya qadağaları səbəbindən kütləvi yas mərasimlərinin keçirilməsinə icazə verilmirdi. İştirakçı sayı məhdud olduğundan xərclər də təbii olaraq minimuma enmişdi. Real artımı görmək üçün pandemiyadan əvvəlki 2019-cu ili əsas götürməliyik. Bu baxımdan yanaşsaq, 2019-cu illə müqayisədə 2025-ci ildə mərasim xərcləri təxminən 2 dəfə artıb. Eyni zamanda əhalinin ümumi büdcəsində mərasim xərclərinin payı da 3%-dən 3,75%-ə yüksəlib. Bu, bizə deməyə əsas verir ki, ölkədə təkcə yas xərcləri deyil, bütövlükdə bütün xidmət və məhsulların qiyməti artıb”.
Bahalaşmanın 3 əsas səbəbi: İnflyasiya, menyu və məzar daşları
A.Cəfərov News365.az-a açıqlamasında mərasim xidmətlərinin baha başa gəlməsinin əsas drayverlərini belə qruplaşdırıb:
Ərzaq inflyasiyası: Yas mərasimlərinin əsas menyusunu təşkil edən ət, kərə yağı və düyü kimi strateji məhsulların qiymətində ciddi artım var. Bu da birbaşa süfrə xərclərinə təsir edir.
Xidmət formatının dəyişməsi: Son illərdə ənənəvi "çadır xidməti" demək olar ki, sıradan çıxıb. İnsanlar artıq yas mərasimlərini daha baha başa gələn xüsusi mərasim evlərində keçirməyə üstünlük verirlər.
Məzar daşlarının idxal problemi: Dəfn xidmətləri və qəbir daşlarının qiyməti kəskin yüksəlib. Əvvəllər Ukraynadan idxal edilən nisbətən ucuz daşların yerini indi regional müharibələr və logistik çətinliklər ucbatından uzaq ölkələrdən gətirilən baha qiymətli daşlar tutub.