ABŞ-ın Northeastern Universitetinin tədqiqatçıları futbol üzrə dünya çempionatında keçirilən oyunların azarkeşlərdə yaratdığı təsiri qiymətləndirmək üçün maraqlı üsul tətbiq ediblər. Futbolun xaotik təbiətini rəqəmsal göstəricilər əsasında təhlil edən komanda 3 400-dən çox parametri qiymətləndirən model hazırlayıb.
News365.az xəbər verir ki, alqoritm qarşılaşmaları turnirdəki əhəmiyyət dərəcəsi, oyunun dramatik inkişafı və meydanda nümayiş etdirilən vizual keyfiyyət kimi meyarlar əsasında 0-dan 10-a qədər bal sistemi ilə qiymətləndirir. Qarşılaşmanın turnirin taleyinə təsir gücü yekun qiymətin 24 faizini təşkil edir. Qol epizodları və hesabın tez-tez dəyişdiyi məqamlar isə modeldə hər biri 20 faiz paya malikdir.
Modelin diqqətçəkən meyarlarından biri "məmnunluq hissi" göstəricisidir. Belə ki, oyunun son dəqiqələrində vurulan həlledici bərabərlik qolu, nəticənin artıq müəyyənləşdiyi qarşılaşmada vurulan altıncı qoldan daha yüksək qiymətləndirilir.
2026-cı il dünya çempionatında indiyədək keçirilən oyunlar üzrə ilk 10-luq belədir:
1. Belçika – Seneqal: 3:2 — 9,65
2. Norveç – Fil Dişi Sahili: 2:1 — 9,49
3. Paraqvay – Almaniya: 1:1 (penaltilər seriyası — 4:3) — 9,47
4. Argentina – Kabo-Verde: 3:2 (əlavə vaxtda) — 9,46
5. Norveç – Braziliya: 2:1 — 9,43
6. Argentina – Misir: 3:2 — 9,43
7. Portuqaliya – Xorvatiya: 2:1 — 9,41
8. Əlcəzair – Avstriya: 3:3 — 9,41
9. Braziliya – Yaponiya: 2:1 — 9,41
10. Türkiyə – ABŞ: 3:2 — 9,40
Məlumatların təhlili göstərib ki, turnirin ən gərgin qarşılaşması 1/16 final mərhələsində Belçika ilə Seneqal arasında keçirilib. Belçika yığmasının oyunun son beş dəqiqəsinə 0:2 hesabı ilə geridə başlamasına baxmayaraq, matçı 3:2 hesablı qələbə ilə başa vurması alqoritm tərəfindən 9,65 balla qiymətləndirilib və reytinqdə ilk sıraya yüksəlib.
İkinci yerdə Erlinq Halaandın son dəqiqələrdə vurduğu qolla Norveçin Fil Dişi Sahili üzərində 2:1 hesablı qələbə qazandığı və növbəti mərhələyə yüksəldiyi qarşılaşma qərarlaşıb. Paraqvay – Almaniya oyunu isə 9,47 balla ilk üçlüyü tamamlayır.
Digər tərəfdən, hakim qərarları və intizam statistikası da turnirin diqqətçəkən göstəriciləri sırasındadır. Şimali Amerikada keçirilən dünya çempionatında indiyədək ümumilikdə 13 qırmızı vərəqə göstərilib. Bu göstərici əvvəlki dünya çempionatlarının orta statistikası ilə müqayisədə təxminən üç dəfə yüksəkdir.
Mütəxəssislərin fikrincə, "VAR” texnologiyasında tətbiq olunan yeniliklər sərt intizam statistikasının formalaşmasında mühüm rol oynayıb. Xüsusilə, sarı vərəqənin qırmızı vərəqə ilə əvəzləndiyi kritik epizodlar oyunların taleyini dəyişən əsas amillərdən biri hesab olunur.