Prezidenti İlham Əliyev: "Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir"
Dünya bugünkü geosiyasi çağırışlar – silahlı
münaqişələr, iqtisadi böhranlar, miqrasiya axınları və təhlükəsizlik böhranları
ilə qarşı-qarşıya qalarkən, TDT kimi strukturların rolunun artdığı aydın
görünür. 2025-ci il 7 oktyabr tarixində Azərbaycanın füsunkar Qəbələ şəhərində
keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci
Zirvə Görüşü, yalnız regional deyil, həm də qlobal təhlükəsizlik
arxitekturasına dair önəmli mesajların verildiyi tarixi platforma oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, çıxışı zamanı sülh və
təhlükəsizlik məsələlərini vurğulayaraq, türk dünyasının bu sahədəki rolunu
yeni səviyyəyə qaldırdı: "Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin
inkişafı üçün əsas amildir". Bu fikir TDT-nin əsas məqsədini – davamlı
sülhə və sabitliyə töhfə vermək ideyasını – əks etdirir və təşkilatın gələcək
yol xəritəsini müəyyənləşdirir.
7 oktyabr
2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri
Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, təşkilatın
regional və beynəlxalq səviyyədə artan nüfuzunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev Qəbələ çıxışında bu çağırışlara vahid və koordinasiyalı
cavabın vacibliyini vurğulayaraq, TDT-nin qardaşlıq əsasında formalaşmış güc
mərkəzinə çevrildiyini bəyan etdi. Bu, həm də yeni dünya düzənində türk
dövlətlərinin söz sahibi olmaq istədiyini və bu yolda birgə addımlamağa sadiq
olduqlarını nümayiş etdirir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin çıxışı bu zirvənin əsas ideoloji və
siyasi konturlarını müəyyənləşdirən önəmli hadisə kimi yadda qaldı. Prezidentin
bəyan etdiyi kimi, "Türk Dövlətləri Təşkilatı bu gün sadəcə əməkdaşlıq
platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır." Bu
bəyanat, TDT-nin gələcək inkişaf yolunu və üzv dövlətlərin birgə geosiyasi
ambisiyalarını aydın şəkildə ortaya qoyur. TDT-nin gücü, onun sadəcə siyasi və
iqtisadi maraqlara əsaslanmasında deyil, üzv dövlətləri birləşdirən ortaq
tarix, etnik köklər, dil və milli-mənəvi dəyərlərin varlığında yatır. Prezident
İlham Əliyev də bu çıxışında həmin bağlara xüsusi diqqət çəkərək vurğuladı:
"Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi
bir ailə kimi birləşdirir." Bu cür ifadələr, təşkilatın emosional və
ideoloji fundamentinin nə qədər güclü olduğunu göstərir. Məhz bu ortaq mənəvi
bağlar sayəsində TDT qısa müddət ərzində sadə iqtisadi-ticari platformadan daha
geniş geosiyasi alyansa çevrilməkdədir.
Prezident İlham Əliyevin çıxışında ən diqqət
çəkən məqamlardan biri də TDT-nin beynəlxalq nüfuzunun artması ilə bağlı idi.
Bu nüfuzun artması, təşkilatın dünya siyasətində aktiv aktora çevrilmək
istiqamətində atdığı mühüm addımların nəticəsidir. Xüsusilə Mərkəzi Asiya,
Qafqaz və Avrasiya məkanında türk dövlətlərinin birgə layihələrə imza atması,
enerji, nəqliyyat, müdafiə və təhsil sahələrində koordinasiyalı siyasət
yürütməsi TDT-nin strateji çəkisini gücləndirir. Bu reallıq, bölgədə yeni
multilateral (çoxölçülü) güc mərkəzinin yarandığını göstərir. Hazırda dünyada
mövcud olan qeyri-sabitlik və qütbləşmə fonunda TDT-nin yüksələn xətlə inkişaf
etməsi, onun dayanıqlı və etibarlı platforma olduğunu sübut edir.
Azərbaycanın,
xüsusilə də Prezident İlham Əliyevin təşəbbüsləri və ardıcıl siyasəti TDT-nin
strukturlaşmasında mühüm rol oynayıb. Azərbaycanın enerji, nəqliyyat və
təhlükəsizlik sahələrindəki strateji layihələri, təşkilat daxilində real
iqtisadi inteqrasiyanın və qarşılıqlı asılılığın formalaşmasına töhfə verir.
Bundan əlavə, Azərbaycan bölgənin əsas nəqliyyat dəhlizlərinin kəsişmə
nöqtəsində yerləşməklə, Zəngəzur dəhlizi kimi təşəbbüslərlə türk dünyasını
birləşdirən logistik arteriyaların təşəbbüskarı və icraçısı rolunu oynayır.
Prezident
Əliyevin çıxışında istinad etdiyi Naxçıvan Sazişi (2009) – TDT-nin təməlini
qoyan hüquqi sənəddir. Bu sazişin əsas müddəalarından biri də sülhün qorunması
və təhlükəsizliyin təmin olunmasıdır. Bu, təşkilatın təkcə mədəni və iqtisadi
deyil, həm də strateji təhlükəsizlik alyansı kimi formalaşmasının hüquqi
əsasını təşkil edir. Naxçıvan Sazişində üzv dövlətlərin münaqişələrin dinc
yolla həllinə sadiq qalması, regional və qlobal təhlükəsizlik təşəbbüslərində
birgə iştirak etməsi, müdafiə, fövqəladə hallar və sərhəd təhlükəsizliyi üzrə
əməkdaşlıq qurması, kimi öhdəlikləri onların vahid mövqedən çıxış etməsini
vacib edir.
Qəbələ
Zirvəsinə qədərki dövrdə mühüm dönüş nöqtəsi olan 2024-cü ilin Şuşa şəhərində
keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsi,
türk dövlətlərinin təhlükəsizlik sahəsində inteqrasiya səviyyəsini daha da
artırdı. Bəyannamədə üzv ölkələr regional münaqişələrin beynəlxalq hüquq və
ərazi bütövlüyü əsasında həllini dəstəklədi. Həmçinin qarşılıqlı hərbi və
müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə çağırış etdilər. Birgə
humanitar və sülhməramlı missiyalarda iştirak niyyətini ifadə etdilər.
Prezident İlham Əliyev bu sənədə istinad edərək qeyd etdi ki, "Türk
dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir." Bu,
təkcə söz deyil – siyasi və hərbi baxımdan təşkilatın daha çevik, hazırlıqlı və
koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyinə işarədir.
Azərbaycanın
və xüsusilə Prezident İlham Əliyevin liderliyində TDT-nin təhlükəsizlik
platforması kimi transformasiyası olduqca diqqətəlayiqdir. 2020-ci ildə Qarabağ
müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib,
və bu nüfuz türk dövlətləri arasında təhlükəsizlik üzrə etibarlı tərəfdaş
imicini formalaşdırıb. Azərbaycanın təşəbbüsü ilə regionda Zəngəzur dəhlizi
kimi strateji nəqliyyat layihələri reallaşır. Şuşa və Qəbələ kimi şəhərlərdə
keçirilən zirvə görüşləri türk birliyinin siyasi simvoluna çevrilir. Müdafiə və
enerji təhlükəsizliyi sahələrində ortaq mexanizmlər yaradılır.
Qəbələ Zirvə
Görüşü və Prezident İlham Əliyevin çıxışı göstərdi ki, sülh və təhlükəsizlik
artıq TDT-nin prioritet istiqamətinə çevrilib. Naxçıvan Sazişi ilə başlayan
yol, Şuşa Bəyannaməsi ilə güclənərək Qəbələdə real siyasi strategiyaya
çevrildi. Türk dövlətləri, təkcə tarixə və mədəniyyətə deyil, ortaq
təhlükəsizlik maraqlarına da əsaslanan yeni bir siyasi-iqtisadi və strateji
ittifaq formalaşdırır. Bu birlik, nəinki regionda sülhün qarantı, həm də
dünyada sabitlik və qarşılıqlı hörmət üzərində qurulan alternativ güc mərkəzi
kimi çıxış etməyə hazırdır.
Səyavuş
Qasımov
Avrasiya
Universitetinin rektoru,
siyasi
elmlər üzrə fəlsəfə doktoru, dosent