Cimmi
Karterin səyi ilə 1979-cu ildə Kemp-Deviddə İsrail-Misir arasında imzalanan
sülh iki ölkə arasında qanlı səhifəni qapatmağa imkan verdi. Kemp-Deviddə
imzalanan sənəd iki ölkə arasında bütün problemləri həll etməsə də, hər iki ölkə
vətəndaşları üçün yaranmış vəziyyəti yaxşılaşdırdı və regional sülhə və
sabitliyə yönəlmiş böyük təhdidləri aradan qaldırdı.
Kemp-Devid
razılaşmasından 46 il sonra Misirdə uzun illərdir Yaxın Şərqin əsas qaynar məkanı
olan İsrail- Fələstin münaqişəsinin həlli üçün yeni səhifə açıla bilər. Bu
münaqişənin həlli üçün ABŞ liderliyində bir neçə dəfə cəhd edilib.
Bill Klinton
və administrasiyasının cəhdləri ilə 1993-cü il sentyabrında İsrailin baş naziri
və Fələstin Azadlıq Təşkilatının lideri arasında Ağ Evdə Oslo1 razılaşması kimi
tanınan “Müvəqqəti Özünüidarəetmə Təşkilatları haqqında Prinsiplər Bəyannaməsi”
imzalandı. Bu sənəd münaqişəni həll etməsə belə, hal-hazırda iki dövlət
prinsipinin formalaşmasının, Fələstində mövcud idarəetmənin
formalaşdırılmasının əsasını təşkil edir. Yəni hal-hazırda Mahmud Abbas
administrasiyasının beynəlxalq hüquqi statusunun əsası elə Oslo1 razılaşması ilə
formalaşdırılıb.
Klintondan
sonra Ağ Evə gələn Corc Buş dönəmində Yaxın Şərq, İslam dünyası ilə münasibətlər
özünün ən pis dönəminə daxil oldu. ABŞ-ın xarici siyasətində diplomatlar
masadan qalxdı və meydana hərbi güc daxil oldu. Belə olan halda uzun illər ərzində
Yaxın Şərq rejimləri ilə formalaşmış kövrək münasibətlər alt-üst oldu və nəticəsində
region bu gün də davam edən daxili münaqişələr, terror və qeyri-sabit dönəminə
qədəm qoydu.
Corc Buşun
xarici siyasəti nəticəsində yaranmış dağıntıları toplamağa Barak Obama çalışdı.
Hətta Obamanın Qahirə Universitetində çıxışı həm ərəb-islam dünyası, həm yəhudilər
tərəfindən böyük ümidlə qəbul edilirdi. Obama ərəb, müsəlman dünyası ilə
münasibətləri yeni səhifədən başlamağı vəd edirdi. Ancaq zaman göstərdi ki, bəzən
çıxışda odlu-alovlu səslənən və ümidlər vəd edən bəyanatları səsləndirməklə,
real nəticələr fərqli olur.
Görünən odur
ki, ABŞ Donald Tramp dönəmində Yaxın Şərq siyasətinə yenidən baxmaq, münasibətlərdə
yeni səhifə açmaq və ən əsası bu regionda zəifləyən Böyük Amerikaya güvəni
yenidən bərpa etməyə çalışır. Hal-hazırda 2 ildən bir az artıqdır davam edən
münaqişə dayanmış görünür. Ancaq bu pauza dayanıqlı sülhəmi, yoxsa daha böyük
münaqişə öncəsi fasiləmi olacaq, bunu zaman göstərəcək.
Burada
dayanıqlı sülhün təmin edilməsi üçün sadəcə kağız üzərinə ən bahalı qələmlə
imza atmaq yetərli deyil, burada insanlar arasında etimadı formalaşdırmaq,
iqtisadi fəaliyyəti canlandırmaq və insanları xoşbəxt gələcək üçün vacib olan təhsil,
səhiyyə və işlə təmin etmək vacibdir.
İnanmaq istərdim
ki, Şarm əl-Şeyxdə bu gün keçirilən Sülh Sammiti haqqında 50-100 il sonra
danışanda məhz burada “dayanıqlı sülh təmin edildi” sözünü istifadə edə biləcəklər
gələcək nəsillər. Ümid edək ki, bu böyük regionda yaşayan xalqlar bir-biri ilə
barışıb və birgə yaşamağa alışa biləcəklər.
Aqil Məmmədov,
politoloq