Azərbaycanda yaşa görə əmək pensiyası hüququ qazanmış şəxslərin daha sonra hansı iş sahəsində və ya hansı şərtlərlə çalışa bilməsi mövzusu tez-tez müzakirə edilir. Yaşa görə əmək pensiyası hüququ qazanmış şəxs sonradan işlədiyi təqdirdə ona ödənilən əmək pensiyasının dayandırılması ehtimalı varmı?
Mövzu ilə bağlı deputat Vüqar Bayramovun sözlərinə görə, pensiya yaşı tamam olmuş vətəndaşların özəl sektorda işləməsi ilə bağlı hansısa məhdudiyyət yoxdur:

“Praktik olaraq pensiya yaşına çatdıqdan sonra vətəndaşlarımız özəl sektorda işini davam etdirə bilərlər. Dövlət sektorunun bəzi sahələrində yaşla və eyni zamanda müddətlə bağlı bəzi məhdudiyyətlər var. Məsələn, təhsildə, səhiyyədə. Pensiya yaşı tamam olan vətəndaşlar növbəti beş il ərzində müəssisənin, işlədikləri qurumun razılığı əsasında adətən bir il olmaq şərti ilə beş il müddədində əlavə işləmək hüququna malikdir. Yəni onlar 70 yaşa qədər həmin qurumun razılığı ilə çalışa bilərlər”.
V.Bayramov qeyd edib ki, işləyən vətəndaşlarımızın ödədiyi sosial yığımlar, pensiya yığımları 6 ildən bir hesablanır və həmin şəxsin pensiya kartlarına və ya pensiya məbləğinə əlavə edilir: “Məsələn, vətəndaş pensiya yaşı tamam olub. Amma işləməyə davam edir, onun işlədiyi müddətdə ödədiyi sosial ödənişlər 6 ildən sonra yenidən hesablanır və həmin şəxsin pensiya məbləğinə əlavə edilir. Şəxs pensiya yaşına çatdıqdan sonra işləməyə davam etdikcə pensiya məbləğini artıra bilir. Buna görə də işləyən vətəndaşlarımız üçün digər imkan məhz onların pensiya məbləğinin 6 ildən bir artırılmasıdır ki, bu qanunvericiliyə əsasən təsdiq olunaraq tətbiq olunur”.
Hüquqşünas Səfər Quliyev də bildirib ki, pensiya yaşına çatmış şəxs sonradan qanunvericiliyə uyğun olaraq bəzi dövlət orqanlarında və ya özəl sektorda əmək müqaviləsi əsasında işləyə bilər: ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin həmin Qanuna əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir, əmək pensiyası təyin olunduğu gündən sonra şəxs 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Əmək pensiyasının dayandırılması halları isə yalnız şəxs vəfat etdikdə, əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda və Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda mümkündür”. /// Pravda