“Azərbaycan danışıqlarda mövqeyindən geri çəkilməyib” - Nigar Məmmədova

“Azərbaycan danışıqlarda mövqeyindən geri çəkilməyib” - Nigar Məmmədova
15:06

“Azərbaycan danışıqlarda iştirak etsə də bir gün belə milli maraqlara söykənən mövqeyindən geri çəkilməyib.”

Ermənistan hökumətinin Azərbaycanın müəllifi olduğu sülh təklifini qəbul etməkdən başqa yolu yoxdur. Bu reallığı qəbul etmək istəməyən bəzi revanşist qüvvələr separatçı çağırışları davam etdirirlər. Onlar 2026-cı il seçkilərində yenidən siyasi meydana atılmağa can atırlar. Bu dəfə də Qarabağ üzərindən siyasi oyunlar qurmaq cəhdləri diqqətdən qaçmır. Baş nazir Nikol Paşinyanı təslimçi sülhdə ittiham edən səhra komandirləri – Robert Köçəryan və Serj Sarkisyan, eləcə də qondarma demokrat Levon Ter-Petrosyan növbəti dəfə ifşa olundu. N.Paşinyan əvvəlcədən də söylədiyi kimi, “Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin sənədləri”ni ictimailəşdirib. Təbii ki, bu sənədlərlə bağlı rəsmi Bakının heç bir narahatlığı yoxdur. Azərbaycan Prezidenti bu illər ərzində danışıqların gedişi ilə bağlı hər zaman ictimaiyyəti məlumatlandırırdı.

Sözügedən 13 sənəd 1992–2020-ci illərdə həmsədr ölkələrin iştirakı ilə aparılmış danışıqları əhatə edir. Burada da beynəlxalq vasitəçilərin qərəzi, ikili standartlara söykənən mövqeyi açıq şəkildə əks olunub. Bir daha təsdiq olunur ki, məhz beynəlxalq birliyin məsələyə ədalətli yanaşmaması səbəbindən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri kağız üzərində qaldı. Təcavüzkar Ermənistan dialoq masasında özünü arxayın hiss edərək, işğalçı mövqeyindən əl çəkmədi. Vasitəçilər isə işğalçı ilə işğala məruz qalan arasında fərq qoymadan müxtəlif yarımçıq həll paketləri irəli sürürdülər. Bir daha təsdiqləndi ki, Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində Qarabağda yaradılan separatçı rejimin danışıqlardan kənarda qalması təmin olundu. Beləliklə, Ermənistan və Azərbaycan münaqişə tərəfləri kimi qəbul edildi. Prezident İlham Əliyevin iştirakı etdiyi bütün danışıqlarda da Azərbaycanın heç bir halda Qarabağdan imtina etməyəcəyinə dair prinsipiallıq nümayiş olundu. Həmsədrlərin Ermənistanın maraqlarına uyğun olan “kompromis” həll variantları isə qəbul edilmədi. Azərbaycan sona qədər danışıqlarda iştirak etsə də, bir gün belə milli maraqlara söykənən mövqeyindən geri çəkilmədi. Rəsmi Bakı müzakirələrdə iştirakdan imtina etməməklə həm də beynəlxalq təzyiqlərin qarşısını almış olurdu. Eyni zamanda, bu müddət ərzində beynəlxalq qurumlarda Azərbaycanın əlini gücləndirən qətnamələrin qəbuluna da nail olurduq. Bir sözlə, danışıqlar masasında nəticə olmasa belə, ilbəil Azərbaycanın siyasi-hərbi və siyasi mövqeyi güclənirdi.

Təsadüfi deyil ki, Aprel döyüşlərindən sonra Serj Sarkisyanın Rusiya Prezidentinə məktubunda da ölkəsinin Azərbaycanın hərbi gücü qarşısında aciz qaldığına dair etiraf əks olunur. O, açıq şəkildə etiraf edir ki, Azərbaycan heç bir qarşılıqlı güzəştə getmək istəmir. Üstəlik, bu sənədlərdən bir daha aydın olur ki, Ermənistan tərəfi sülh danışıqlarında ərazi bütövlüyü ilə bağlı heç vaxt konstruktiv mövqe tutmayıb. Bu səbəbdən də 28 il davam edən nəticəsiz danışıqlara son qoyuldu və Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü, suverenliyini təmin etdi.

Milli Məclisin deputatı Nigar Məmmədova


Sizin reklam burada
Sizin reklam burada