Son illər
Türk dövlətləri arasında əlaqələr bütün sahələr üzrə dərinləşir, şaxələnir. Ən əsası
Türk dövlətləri tarixdə ilk dəfə təşkilatlanır. Və bu təşkilatlanmanın da təşəbbüskarı
Azərbaycan Prezidenti İlham Əliyevdir. O, ilk dəfə 2009-cu ildə Türk dövlətləri
liderinin Naxçıvanda görüşünü təşkil etdi. Həmin görüşdə gələcək fəaliyyət üçün
Yol Xəritəsi hazırlandı. Bir müddət sonra Türk Dövlətləri Təşkilatı yaradıldı.
Hazırda TDT-nın 5 daimi, 3 müşahidəçi üzvü var.
Maraqlıdır
ki, təkcə 2025-ci ildə Türk dövlətləri liderlərinin Azərbaycanda 2 Zirvə görüşü
təşkil olunub. Bu da Azərbaycan Prezidentinin Türk birliyinə və Türk
xalqlarının dirçəlişinə nə qədər önəm verdiyinin təntənəsidir.
Mövzu ilə
bağlı News365.az-a danışan Millət vəkili, tarixçi-alim Anar İskəndərli
deyib ki, XX əsrdə Türk dövlətləri və türk xalqları yeni mərhələyə qədəm
qoymaqdadır:
“Azərbaycan Respublikasının Prezidenti, Qarabağın fatehi, cənab İlham Əliyev ilk dəfə olaraq türk dövlətlərinin bir-birinə yaxınlaşmasını sürətləndirmək üçün “Bizim ailəmiz Türk ailəsidir və biz bu ailəni qorumalıyıq” fikrini önə çəkib. Bu çağırış Türk Dövlətləri Təşkilatını daha fəal olmağa ruhlandırdı. Və bu gün İlham Əliyevin təşəbbüsü ilə Vahid Türk Ailəsi formalaşır. Artıq Macarıstan, Kipr və Şimali Kipr Türk Cümhuriyyəti də bu ailənin bir hissəsidir”.
Böyük türk
ailəsinin üzvləri bir-birini daha yaxından tanımaq üçün nə edilməlidir?
Müsahibimiz
hesab edir ki, hər şeydən əvvəl, bu xalqların ədəbiyyatı, mədəniyyəti, tarixi və
coğrafiyası dərindən araşdırılmalı və qarşılıqlı şəkildə öyrənilməlidir:
“Hər bir
türk dövləti, qardaş dövlətlərin ərazisində hansı dağların, çayların, qədim məskənlərin,
yeraltı sərvətlərin və tarixi abidələrin olduğunu bilməlidir.
Tariximiz də
çox önəmlidir. Orta əsrlərdən başlayaraq türk dünyasının hansı uğurları olub?
Azərbaycan ərazisindəki ən qədim insan məskənləri hansılardır? Özbəkistanın qədim
dövrlərində yaranmış dövlətlər və şəhərlər nə olub? Osmanlı dövlətinin
qurulması dünya tarixinə və türk dünyasına nə kimi təsir göstərib?Bax, bu kimi
suallara cavablar tapılmalı və tarixi reallıqlar təşviq edilməlidir
Təbii ki,
tarixi faciələri də unudulmamalıdır. Biz əvvəlki dövrlərdə baş verən səhvləri
bilməliyik ki, bu gün onları təkrarlamayaq. Əgər o zaman uğurlu addımlar
atılıbsa, bu gün həmin uğurların davam etdirilməsi vacibdir.
Bu gün Türk
coğrafiyası dedikdə, təkcə dövlətlərin sərhədləri nəzərdə tutulmur. Hər bir üzv
dövlət bilməlidir: qardaş ölkənin ərazisində nələr var və bu ölkələr bir ailə
olaraq bir-birinə nə verə bilər? İqtisadi inteqrasiyanı gücləndirmək üçün kim
kimdən nə ala bilər və bu alış-veriş birgə inkişafı necə sürətləndirə bilər?
Bütün
bunları nəzərə alaraq, Türk Dövlətləri Təşkilatının coğrafiyasının, tarixi əsaslarının
və mədəni dayaqlarının elmi şəkildə işlənməsi vacibdir. Bu, türk birliyinin
möhkəmlənməsi, vahid gücə çevrilməsi üçün zəruridir. Gələcəkdə dünya miqyasında
baş verə biləcək çətinlik və fəlakətlərin qarşısını almaq üçün güclü Türk
dünyası böyük önəm daşıyacaq”.
News365.az