Dəm qazı yenə canlar alır: Nə etməli?

Dəm qazı yenə canlar alır: Nə etməli?
13:25

Son illər ölkədə qazdan boğulma halları ciddi şəkildə artıb və bu, cəmiyyət üçün real təhlükəyə çevrilib. Hər qış mövsümündə təkrarlanan acı hadisələr göstərir ki, məişətdə qazdan istifadə zamanı ən kiçik məsuliyyətsizlik belə insan həyatına son qoya bilər. Qaz təsərrüfatı olan hər bir ev, hər bir obyekt yüksək təhlükə zonasına daxildir və təhlükəsizlik qaydalarına əməl etmək təkcə tövsiyə deyil, həyati zərurətdir. Təhlükənin qarşısını almağın ən etibarlı yolu isə qaz cihazlarının, tüstü bacalarının və havalandırma sistemlərinin peşəkar şəkildə qurulması, mütəmadi baxımı və düzgün istismarıdır. Bu məsələlərə məsuliyyətsiz yanaşmaq, həm dəm qazı riskini artırır, həm də ailələrin həyatını təhlükə altına salır.

Bəs belə faciələrdən sığortalanmaq üçün nə edilməliyik?


Mövzu ilə bağlı News365.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Elmar Nuraliyev, vətəndaşların qazdan düzgün istifadə qaydalarına əməl etməsinin həyati əhəmiyyət daşıdığını bildirib.


"Ümumiyyətlə, qaz təsərrüfatı olan hər yerdə təhlükəsizlik məsələsi ön planda olmalıdır. Qazdan təhlükəsiz istifadə mütləq şəkildə təmin edilməlidir. Məişətdə istifadə olunan qaz cihazlarına xüsusi diqqət yetirilməlidir. Qaz avadanlıqları və qurğular normativ standartlara uyğun olmalı, onların quraşdırılması, nasazlıqların aradan qaldırılması və texniki xidmətin göstərilməsi yalnız ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilməlidir."

Dəm qazından qorunmaq üçün yanma prosesi düzgün aparılmalıdır. Dəm qazı, yanmanın tam getmədiyi hallarda əmələ gəlir. Yanmanın düzgün getməməsinin əsas səbəblərindən biri tüstü bacasının standartlara uyğun olmaması və ya işlək vəziyyətdə qalmamasıdır. Tüstü bacası quraşdırılsa belə, içərisində çatlar, deşiklər və ya məişət tullantıları kimi qalıqlar ola bilər. Bu isə bacanın çəkilişini zəiflədir, nəticədə yanma prosesi pozulur və dəm qazının yaranmasına şərait yaradır.

Bu səbəbdən tüstü bacaları ildə iki dəfədən az olmayaraq mütləq təmizlənməlidir və daim işlək vəziyyətdə saxlanmalıdır.

Ən vacib məsələlərdən biri də odur ki, məişətdə qaz cihazı olan otaqlarda havalandırma sistemi mütləq təmin edilməlidir. Otaqda kifayət qədər hava olmadıqda, ventilyasiya zəif olduqda və ya tüstü bacası işləmədikdə dəm qazının yaranma riski xeyli artır. Buna görə də otaqlarda havalandırma – ventilyasiya kanalları açıq və fəaliyyət göstərən vəziyyətdə olmalıdır ki, hər hansı bir bədbəxt hadisə baş verməsin.

Digər mühüm məsələ qaz və dəm qazı detektorlarının quraşdırılmasıdır. Bu detektorlar qaz sızması və ya dəm qazı yaranması hallarında vaxtında siqnal verərək insanları xəbərdar edir və təhlükənin qarşısını almağa imkan yaradır.

Dəm qazı ilə boğulma halları daha çox hamam otaqlarında müşahidə olunur. Çünki təhlükəsizlik baxımından hamam otaqlarında qaz cihazının quraşdırılması məqsədəuyğun deyil. Lakin qurulubsa, orada havalandırma, ventilyasiya, hava dövriyyəsini təmin edən pəncərə və mütləq şəkildə dəm qazı detektoru olmalıdır.


Sizin reklam burada
Sizin reklam burada