“Sülh olsaydı, bu missiyanın fəaliyyəti bizə narahatlıq yaratmazdı”- Oqtay Qasımov

“Sülh olsaydı, bu missiyanın fəaliyyəti bizə narahatlıq yaratmazdı”- Oqtay Qasımov
14:50

“ Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin uzadılması əslində gözlənilən idi. “

Politoloq Oqtay Qasımov bunu News365.az-a açıqlamasında deyib.

“Belə ki, 2022-ci ildə yaradılan bu missiya ilk mərhələdə cəmi iki ay üçün nəzərdə tutulsa da, sonradan onun heyəti beş dəfə artırıldı və fəaliyyət müddəti iki ilə qədər uzadıldı. Ən önəmli məqam isə odur ki, bu qərar Azərbaycanla məsləhətləşilmədən və müzakirə olunmadan qəbul edildi. Bu da tərəflər arasında münasibətləri zədələyən addımlardan biri oldu.

Bu missiyanın fəaliyyət göstərdiyi dövr ərzində sülhə və sabitliyə hansısa müsbət töhfə verdiyini söyləmək çətindir. Əksinə, onun fəaliyyəti daha çox sərhəd boyunca gəzişərək binoklla müşahidələr aparmaq, Azərbaycan ərazilərini izləmək və müxtəlif səfirlər, xarici ölkə diplomatları və dövlət nümayəndələrinin bölgəyə səfərlərini müşahidə etmək kimi addımlarla yadda qaldı ki, bu da müəyyən gərginliklər yaratdı.

Şübhəsiz ki, əgər Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmış olsaydı, bu missiyanın fəaliyyəti bizə narahatlıq yaratmazdı. Lakin aydın oldu ki, bu missiya əsasən Ermənistanı ruhlandırmaq, onun silahlanmasını stimullaşdırmaq və revanşist meyillərin artmasına xidmət edən bir addımdır.

Eyni zamanda nəzərə alsaq ki, Avropa qurumları əgər həqiqətən müstəqil fəaliyyət göstərsəydi və hər hansı bir dövlətin təsiri olmadan qərarlar versəydi, biz bu məsələyə daha tolerant yanaşa bilərdik. Lakin yaxşı bilirik ki, Avropa İttifaqında Fransanın təsir imkanları olduqca böyükdür. Fransa bölgədə geosiyasi mövqeyini gücləndirmək və burada yerləşmək üçün Avropa İttifaqının institutlarından istifadə edir.

Digər dövlətlər də bənzər institutlardan öz maraqları üçün faydalanmağa çalışırlar ki, bu da regionda problemlər yaradır. Bu baxımdan qəbul edilən qərarın ümumilikdə bölgədə sülhə və sabitliyə, eləcə də Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına töhfə verdiyini söyləmək çətindir.”