Sülh ehtimalı zəifləyir, sərt ritorika güclənir

Sülh ehtimalı zəifləyir, sərt ritorika güclənir
14:26

ABŞ və İran arasında gözlənilən danışıqların perspektivi ilə bağlı fərqli və sərt mesajlar səslənməkdə davam edir.

Politoloq Taleh Əliyev News365.az-a açıqlamasında bildirib ki, son günlər həm ABŞ Prezidenti Donald Tramp, həm də İran tərəfinin açıqlamaları növbəti danışıqlar raunduna dair ciddi optimizm yaratmır.

Onun sözlərinə görə, tərəflər danışıqlar öncəsi daha çox daxili auditoriyaya hesablanmış sərt bəyanatlar verir və “qırmızı xətlərini” qoruduqları görüntüsünü formalaşdırmağa çalışırlar. Bu isə kompromis ehtimalını azaldır.

Taleh Əliyev qeyd edib ki, Trampın açıqlamalarında İrana qarşı “yumşaq yanaşmanın bitdiyi” və nüvə proqramı ilə bağlı sərt mövqenin davam etdirildiyi açıq şəkildə görünür. İran tərəfi də eyni sərt tonla cavab verir.

Politoloqun fikrincə, bu gedişat yaxın perspektivdə sülh razılaşmasını inandırıcı göstərmir. Ən real ssenari kimi yalnız atəşkəsin uzadılması ehtimalı qalır. Lakin o xatırladıb ki, əvvəlki bəyanatlarda Trampın administrasiyası bu modelin də davamlı olmayacağını vurğulamışdı.

Nəticə etibarilə, ekspert hesab edir ki, tərəflər arasında gərginlik qalmaqda davam edəcək və yaxın mərhələdə əsaslı razılaşma gözlənilmir.


Sizin reklam burada
Sizin reklam burada