"Rusiyanın Ermənistandan idxal olunan bəzi məhsullarla bağlı tətbiq etdiyi məhdudiyyətlərin siyasi motivli ola biləcəyi iddia edilir".
Bu fikirləri politoloq Elşən Mustafayev News365.az-a açıqlamasında səsləndirib.

Ekspert bildirib ki, Moskvanın irəli sürdüyü bəzi əsaslandırmalar inandırıcı görünmür və məsələnin arxasında siyasi səbəblər dayanır:
"Bu cür addımların sanitar-gigiyenik qaydalarla izah edilməsi inandırıcı deyil. Əgər məsələ siyasi xarakter daşıyırsa, bunu daha açıq və diplomatik şəkildə ifadə etmək olar. Dünyada belə nümunələr çoxdur və dövlətlər münasibətlərdə mövqelərini müxtəlif üsullarla ortaya qoyurlar".
Politoloq qeyd edib ki, Rusiyanın bu addımları Ermənistanda seçkiqabağı dövrdə əlavə təzyiq aləti kimi qiymətləndirilə bilər:
"Son günlərdə mövzunun daha da aktuallaşması təsadüfi görünmür. Məqsəd əhali arasında narahatlıq yaratmaq və xüsusilə ixracla məşğul olan kənd təsərrüfatı istehsalçılarına təsir göstərmək ola bilər. Hazırda bir sıra məhsulların yığım və ixrac mövsümüdür. Bu məhsulların böyük hissəsi ənənəvi olaraq Rusiya bazarına göndərilir və bu, minlərlə insan üçün mühüm gəlir mənbəyidir".
E.Mustafayev vurğulayıb ki, Ermənistan rəhbərliyi ölkə iqtisadiyyatının və ixrac imkanlarının müəyyən hissəsinin Rusiyadan asılı olduğunu yaxşı bilir:
"Paşinyan hakimiyyəti bu riskləri anlayır. Buna baxmayaraq, Moskva ilə münasibətlərdə müəyyən addımlar atılırsa, deməli, mümkün nəticələr əvvəlcədən hesablanıb. Rəsmi İrəvanın zərərin kompensasiya ediləcəyi ilə bağlı açıqlamaları da bunun göstəricisidir".
Politoloqun fikrincə, Rusiya ilə Ermənistan arasında aparılan danışıqlarda ictimaiyyətə məlum olmayan daha sərt müzakirələrin aparılması ehtimalı yüksəkdir:
"Rəsmi açıqlamalarda tərəflər diplomatik ifadələrdən istifadə etsələr də, pərdəarxasında daha sərt mesajların verildiyini istisna etmək olmaz. Belə hallarda iqtisadi rıçaqlardan təzyiq vasitəsi kimi istifadə edilməsi də mümkün görünür".