Məşhur brendin gizli problemləri üzə çıxdı - ARAŞDIRMA

Məşhur brendin gizli problemləri üzə çıxdı - ARAŞDIRMA
15:55

Dünyanın ən tanınmış məişət texnikası istehsalçılarından biri olan LG paltaryuyan maşınları funksionallığı və texnoloji yenilikləri ilə seçilsə də, bəzi istifadəçilər cihazlarla bağlı müəyyən problemlərdən şikayətlənirlər.

News365.az xəbər verir ki, “SlashGear” nəşrinin araşdırmasına əsasən, istifadəçi rəyləri və servis mərkəzlərinin məlumatları LG markalı bəzi paltaryuyan maşınlarda rast gəlinən əsas çatışmazlıqları ortaya qoyub.

Məlumata görə, ən çox narazılıq doğuran məqamlardan biri paltarların yuyulmadan sonra kifayət qədər qurudulmaması və barabanda nəmliyin qalmasıdır. Bu isə zamanla xoşagəlməz qoxuların yaranmasına səbəb ola bilir.

İstifadəçilərin bir qismi cihazların bəzi hallarda gözlənilən təmizlik nəticəsini vermədiyini də bildirir. Xüsusilə çətin ləkələrin tam çıxmaması ilə bağlı şikayətlərə rast gəlinir.

Bundan əlavə, bəzi modellərin zərif parçalar üçün uyğun olmayan yuma rejimi təqdim etdiyi qeyd olunur. İstifadəçilər geyimlərin deformasiyaya uğraması, uzanması və ya zədələnməsi halları ilə qarşılaşdıqlarını bildiriblər.

Araşdırmada cihazların işləmə zamanı, xüsusilə sıxma mərhələsində yüksək səs yaratmasının da tez-tez səsləndirilən narazılıqlardan biri olduğu vurğulanır. Balanssız yüklənmə zamanı səs-küyün daha da artdığı qeyd edilir.

Servis xidmətləri ilə bağlı problemlər də istifadəçilərin diqqət çəkdiyi məqamlardandır. Bildirilir ki, bəzi hallarda texniki dəstək almaq uzun vaxt aparır, ehtiyat hissələrinin çatdırılması və nasazlıqların aradan qaldırılması prosesi gecikir.

Mütəxəssislər həmçinin zəmanət prosedurlarının mürəkkəbliyini və bəzi ehtiyat hissələrinin əlçatan olmamasını LG məhsulları ilə bağlı istifadəçilərin üzləşdiyi əsas çətinliklər sırasında göstərirlər.

Bununla belə, ekspertlər qeyd edirlər ki, göstərilən problemlər bütün modellərə aid deyil və konkret cihazın texniki xüsusiyyətləri, istifadə qaydaları və istismar şəraitindən asılı olaraq dəyişə bilər.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada