Qarabağa qayıdanlara 3 illik sosial dəstək veriləcək

Qarabağa qayıdanlara 3 illik sosial dəstək veriləcək
15:42

"Azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlər üçün sosial təminatların davam etdirilməsi nəzərdə tutulur".

News365.az-a açıqlama verən iqtisadçı Əli Cabbarov bildirib ki, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna təklif edilən dəyişikliklər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, azad olunmuş ərazilərə köçürülən və dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunan şəxslərin məcburi köçkün statusu ləğv edilsə də, onlar 3 il müddətində mövcud sosial imtiyazlardan yararlanmağa davam edəcəklər.

“Son illərdə dövlət həm Böyük Qayıdış proqramının icrasına, həm də keçmiş məcburi köçkünlərin sosial müdafiəsinə milyardlarla manat vəsait ayırıb. Yeni yanaşma vətəndaşların doğma torpaqlarına qayıdışını daha da təşviq edəcək”, – deyə ekspert vurğulayıb.

Ə.Cabbarov qeyd edib ki, hazırda məcburi köçkün ailələrinin hər üzvünə görə aylıq 60 manat müavinət ödənilir, eyni zamanda onların övladları dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları halda təhsil haqları dövlət tərəfindən qarşılanır.

İqtisadçının sözlərinə görə, qanun layihəsində nəzərdə tutulan dəyişikliklər qəbul edilərsə, vətəndaşlar azad edilmiş ərazilərdə mənzillə təmin olunduqdan sonra da üç il ərzində həmin sosial dəstək mexanizmlərindən istifadə edə biləcəklər.

“Bu qərar insanların köç prosesinə münasibətinə müsbət təsir göstərəcək. Bəzi vətəndaşlar köçdükdən sonra müavinət və güzəştlərini itirəcəklərindən narahat idilər. Yeni mexanizm həmin narahatlıqları aradan qaldırır və məskunlaşma prosesini sürətləndirə bilər”, – deyə o bildirib.

Ekspert hesab edir ki, sosial təminatların müəyyən müddət saxlanılması Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəallığın artmasına, ailələrin yeni yaşayış mühitinə daha rahat uyğunlaşmasına və regionun sosial-iqtisadi inkişafına əlavə töhfə verəcək.


Sizin reklam burada
Sizin reklam burada