"Ermənistan dörd kənd məsələsini gündəmdən qaçırır"- Ekspertdən AÇIQLAMA

"Ermənistan dörd kənd məsələsini gündəmdən qaçırır"- Ekspertdən AÇIQLAMA
15:30

"Ermənistanda aparılan delimitasiya prosesi və seçki ərəfəsində sərhəd məsələləri yenidən gündəmə gəlib".

Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev News365.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Azərbaycan öz tarixi ərazilərini hər hansı “mübadilə” predmetinə çevirməyi düzgün hesab etmir:

"Azərbaycan ərazisi öz tarixi torpaqlarını hansısa mübadilə elementi kimi qəbul etmir. Çünki hazırda Azərbaycanın dörd kəndi hələ də Ermənistanın nəzarətindədir. Təəssüf ki, Paşinyan bu kəndlərin adını açıq şəkildə çəkmir və yalnız ümumi ifadələrdən istifadə edir".

Ə.Verdiyevin sözlərinə görə, söhbət Barxudarlı, Sofulu, Yuxarı Əskipara və digər kəndlərdən gedir:

"Bu kəndlərin adları belə dəyişdirilib və Ermənistan tərəfindən özününküləşdirilib. Halbuki Azərbaycan tərəfi bu məsələdə delimitasiya prosesini narahatlıq kimi yox, danışıqlar yolu ilə həll ediləcək məsələ kimi qiymətləndirir".

Hərbi ekspert qeyd edib ki, Azərbaycan və Ermənistan arasında komissiyalar səviyyəsində görüşlər davam etdirilir:

"Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi komissiyanın Ermənistana səfərləri olub və sərhəd məsələləri yerində müzakirə edilib. Bu baxımdan ciddi gərginlikdən danışmaq doğru olmaz".

Ə.Verdiyev vurğulayıb ki, Ermənistanda seçki öncəsi siyasi gərginlik fonunda sərhəd məsələləri daxili siyasi alət kimi istifadə olunur:

"Müxalifət müxtəlif dairələrin təsiri ilə delimitasiya prosesini Paşinyana qarşı təzyiq vasitəsinə çevirməyə çalışır. Seçkiyə az vaxt qaldığı üçün bu cür iddialar daha da intensivləşib".

Ekspert əlavə edib ki, Ermənistan daxilində müxtəlif siyasi qüvvələr bu mövzunu gündəmdə saxlamağa çalışır və sərhəd məsələsi seçki kampaniyasının əsas müzakirə mövzularından birinə çevrilib.


Sizin reklam burada
Sizin reklam burada