Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin müəllimi Mətanət Saraclı Azərbaycan Həmkarlar İttifaqı tərəfindən təqdim olunan güzəştli sanatoriya xidmətlərindən istifadə ilə bağlı narazılığını ifadə edib.
News365.az xəbər verir ki, müəllim sosial şəbəkə paylaşımında yeni qaydaların vətəndaşların sanatoriya yollayışlarından yararlanmasını çətinləşdirdiyini bildirib.
Onun sözlərinə görə, tətbiq edilən qaydaya əsasən, əvvəlki ildə sanatoriya xidmətindən istifadə etmiş şəxslər növbəti il həmin imkandan yararlana bilmirlər.
Mətanət Saraclı qeyd edib ki, uzun illər həmkarlar ittifaqına üzvlük haqqı ödəməsinə baxmayaraq, yalnız ötən il bu xidmətdən istifadə edə bilib.
“İllərdir həmkarlara pul ödədiyim halda yalnız keçən il bu xidmətdən yararlanmışam. İllərdir öz hesabımıza müxtəlif sanatoriyalarda istirahət etmişik. İndi isə öz vətənimizdə bu hüquqdan istifadə etməyə imkan yaratmırlar”, - deyə o bildirib.
BDU müəllimi həmçinin üzvlük haqlarının ödənildiyi halda sanatoriya xidmətlərinə çıxışın məhdudlaşdırılmasının səbəblərinin izah edilməsini tələb edib.