" Sosial demokratiya özü ayrıca müstəqil siyasi ideologiyadır"- Tural İrfan yazır

" Sosial demokratiya özü ayrıca müstəqil siyasi ideologiyadır"- Tural İrfan yazır
01 Okt 2024 10:20

Xalqın rifahı, yaxşı yaşayışı, sosial cəhətdən bərabər təminatı mövzusunda ədalətli seçimlərdən biri sosial demokratiya yoludur. Eyni zamanda tələb və zərurət, xalqımızın dolanışıq məsələsi bunu lübüd edən ən ümdə amildir. Qarabağ məsələsinin həllindən sonra bu gün cəmiyyəti narahat edən ən vacib məsələ maddi, sosial vəziyyətdir. Əhalinin böyük əksəriyyətini təşkil edən kasıb, yoxsul, həssas təbəqə hər zaman qiymətlərin bahalaşmasından, maaş və pensiyaların azlığından narazıdır. 

Səlahiyyətli adamlara xüsusi şərait yaradıb digərlərini ələ baxan kimi buraxmaq sosial durumda təzadlar yaradır: varlı daha da varlanır, kasıb daha da kasıblaşır. Sosial demokratiya isə rifah dövləti anlayışını dəstəkləyir. Varlının varlanmasına qarşı deyil, əksinə kasıbın da maddi vəziyyətini yüksəltməyə xidmət edir. Sosializmdən fərqli olaraq sosial demokratiya əksər sahələrin yox, bəzi ciddi önəmi olan sahələrin dövlət tərəfindən idarə edilməsinin tərəfdarıdır. Səhiyyə və təhsil kimi ciddi sahələr şübhəsiz ki, dövlət tərəfindən idarə edilməlidir. Ancaq iqtisadi sahələrdə şərait yaradılmaqla azad iqtisadiyyat da nəzarətsiz qala bilməz. Çünki nəzarətsiz iqtisadi sahə inhisarçılıq yaradır və sosial nizam pozulur. 

Varlı - kasıb, kapitalizm - sosializm, səlahiyyətli - səlahiyyətsiz arasında körpü, anlaşma, iqtisadi - sosial münasibətlər rolunu oynayan sosial demokratiya əsasən iqtisadi olaraq kapitalizm və sosializm arasında bir kompromis olaraq qəbul edilir. Sosializmin müəyyən müsbət xüsusiyyətlərini özündə ehtiva etsə də əvvəllər də qeyd etdiyimiz kimi sosial demokratiya özü ayrıca müstəqil siyasi ideologiyadır. Ümumiyyətlə dövlətə, xalqa xidmət edən siyasi ideologiya sadəcə tək bir sosial sinifi qucaqlayıb yerdə qalanını Allah umuduna buraxmamalıdır. Sosial demokratiya əsasən bu yöndə işini qurur ki, cəmiyyətin bütün təbəqələri müxtəlif sosial vəziyyətlərdə rabitəli yaşayışı inkişaf etdirsinlər.

Azərbaycanda bu siyasi ideologiyanı Milli Cəbhə Partiyası - MCP təmsil edir və cəmiyyətin, xalqın rifahının indi və gələcəkdə məhz bu ideoloji xəttin tətbiqi nəticəsində təmin olunmalı olduğuna inanır.

Tural İrfan,

Milli Cəbhə Partiyasının sədr müavini


Youtube kanalımız

Oxşar xəbərlər