“Niyə tənqid həmişə asan hədəflərə yönəlir?” – Tamilla Qulami

“Niyə tənqid həmişə asan hədəflərə yönəlir?” – Tamilla Qulami
16:00

lim Qasımovun Üzeyir Mehdizadə ilə birlikdə mahnı ifa etməsi sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. Mövzu ilə bağlı müzakirələrdə əsas diqqət ifanın özündən çox, cəmiyyətdə sənətə və sənətçilərə münasibət məsələsinə yönəlib.

Politoloq Tamilla Qulami məsələ ilə bağlı fikirlərini bölüşüb.


O bildirib ki, hər hansı sənətçinin yaradıcılığını bəyənməmək və onun musiqisini zövqə uyğun hesab etməmək normaldır. Lakin Qulaminin fikrincə, tənqid zamanı eyni meyarın bütün sənətçilərə tətbiq olunması vacibdir.

“Üzeyir Mehdizadənin musiqisini bəyənməmək, onu bayağı hesab etmək, hətta sənətçi kimi qəbul etməmək tamamilə normaldır. Zövqlər müxtəlifdir və heç kim milyonlarla insanın dinlədiyi bir ifaçını bəyənməyə borclu deyil”, - deyə politoloq qeyd edib.

Tamilla Qulami bildirib ki, Üzeyir Mehdizadənin geniş auditoriyaya malik olması onun cəmiyyətdə müəyyən sosial fenomenə çevrildiyini göstərir. Onun sözlərinə görə, bu reallığı yalnız sənətçinin yaradıcılığını tənqid etməklə izah etmək mümkün deyil.

Politoloq əsas problemin cəmiyyətdə tənqidin kimə və necə yönəldilməsi ilə bağlı olduğunu vurğulayıb.

“Əsas məsələ budur: niyə cəmiyyət olaraq tənqidi həmişə ən rahat hədəfə yönəldirik? Bir fağır tapırıq, sağdan da döşəyirik, soldan da. Həmin adamın müdafiə mexanizmi zəifdir deyə onu əzib keçməliyik? Eyni sərtliyi yüksək statusa, titula və ictimai nüfuza malik şəxslərə münasibətdə niyə göstərmirik?” - deyə Qulami bildirib.

O qeyd edib ki, əgər söhbət bayağılıqdan, səhnə mədəniyyətindən və sənətə qoyulan tələblərdən gedirsə, bu meyarlar bütün sənətçilərə eyni şəkildə tətbiq olunmalıdır.

“Əgər səhnə mədəniyyətindən və musiqimizdən narahatıqsa, bu narahatlıq yalnız bir ifaçıya münasibətdə ortaya çıxmamalıdır. Hesab ediriksə ki, müəyyən davranışlar və səhnə görüntüləri cəmiyyət üçün pis nümunədir, eyni münasibət digər sənətçilərə qarşı da göstərilməlidir”, - politoloq vurğulayıb.

Tamilla Qulami bildirib ki, məsələni Üzeyir Mehdizadənin müdafiəsi kimi qiymətləndirmək düzgün deyil. Onun fikrincə, burada əsas müzakirə mövzusu cəmiyyətdə vahid və obyektiv tənqid meyarlarının formalaşmasıdır.

“Üzeyiri şəxsən tanımıram. Burada söhbət onu müdafiə etməkdən getmir. Söhbət prinsipdən gedir. Tənqid varsa, haqq edən hər kəsə olsun, estetik meyar varsa, hamıya tətbiq edilsin, sənətə tələb varsa, statusundan və titulundan asılı olmayaraq, hər kəsə eyni tələb qoyulsun”, - deyə Qulami bildirib.

Politoloq hesab edir ki, yalnız daha asan tənqid olunan şəxsin hədəfə çevrilməsi nə sənətin keyfiyyətinə, nə də cəmiyyətdə sağlam tənqid mədəniyyətinin formalaşmasına xidmət edir.

Qulami həmçinin televiziya efirlərində yayımlanan bəzi məzmunların uşaqlara təsiri məsələsinə də diqqət çəkib. Onun fikrincə, cəmiyyətdə müzakirələr yalnız sosial şəbəkələrdə populyar olan şəxslərlə məhdudlaşmamalı, televiziya məkanındakı məzmun da eyni diqqətlə qiymətləndirilməlidir.

“Ən böyük problemlərdən biri sosial şəbəkələri bir kənara qoysaq, televizorlardan evimizə girən, hər kəsin bildiyi o efir məkanlarıdır”, - deyə politoloq əlavə edib.

Sonda Tamilla Qulami atasının ona uşaqlıqdan verdiyi bir məsləhəti xatırladıb:

“Ədalətin tərəzisini əymə heç zaman, bax, qılınc o zaman işə düşür”.

Politoloq fikirlərini “Tərəzimizin gözünü əyməyək” ifadəsi ilə yekunlaşdırıb.


Sizin reklam burada
Sizin reklam burada