Səudiyyə Ərəbistanına hücum Türkiyəni savaşa çəkə bilərmi? - ŞƏRH

Səudiyyə Ərəbistanına hücum Türkiyəni savaşa çəkə bilərmi? - ŞƏRH
16:10

Yəməndə husilərlə bağlı gərginliyin yenidən Səudiyyə Ərəbistanının təhlükəsizliyinə təsir göstərməsi Türkiyə və Pakistanın üzərinə düşən öhdəlikləri də gündəmə gətirib. Xüsusilə Riyadın hücumlara məruz qalması fonunda avqustda imzalanan Məkkə Birgə Müdafiə Sazişinin real böhran vəziyyətində necə işləyəcəyi sualı ortaya çıxıb. Saziş Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında bağlanıb və sənədə əsasən, tərəflərdən birinə silahlı hücum digər iki ölkəyə də edilmiş hücum kimi qiymətləndirilir.

Pakistan Silahlı Qüvvələrinin Baş Komandanı feldmarşal Asim Münirin İranın husilərə verdiyi dəstəyi dayandırması ilə bağlı Tehrana mesaj göndərməsi də bu çərçivədə diqqət çəkir. Pakistan tərəfi Səudiyyə Ərəbistanının saziş çərçivəsində rəsmi müraciət edəcəyi təqdirdə müdafiə öhdəliyinin gündəmə gələ biləcəyinə işarə edib.

Bəs Türkiyə bu prosesdə hansı mövqeni tuta bilər? Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ankara Səudiyyə Ərəbistanına birbaşa hərbi müdaxilə edəcək, yoxsa dəstək başqa formada göstəriləcək?

Siyasi şərhçi Əli Zülfüqaroğlu News365.az-a açıqlamasında hesab edir ki, Pakistanın İrana ünvanladığı mesaj ilk növbədə siyasi təzyiq xarakteri daşıyır.


Onun sözlərinə görə, Məkkə Sazişinin əsas müddəası tərəflərdən birinə silahlı hücum ediləcəyi halda digər iştirakçıların müdafiə dəstəyi göstərməsini nəzərdə tutur:

“Bu, məsələnin hüquqi tərəfidir. Amma hesab edirəm ki, əsas məsələ siyasi yanaşmadır. Hazırda Məkkə Sazişinin işə düşməsi yalnız İsrailin maraqlarının təmin olunması kimi qiymətləndirilə bilər. Ona görə də Pakistan və Türkiyənin bu prosesdə birbaşa iştirak edəcəyini düşünmürəm”.

Siyasi şərhçi vurğulayıb ki, müdafiə dəstəyi yalnız qoşunların döyüşə göndərilməsi anlamına gəlmir. Onun fikrincə, mümkün dəstək hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi, silah təminatı və kəşfiyyat məlumatlarının paylaşılması formasında da ola bilər.

Zülfüqaroğlu Türkiyənin mümkün hərbi iştirakı məsələsində isə daxili hüquqi prosedurların da nəzərə alınmalı olduğunu bildirib:

“Türkiyənin müdaxiləsi üçün parlamentin ratifikasiyası lazımdır və hələ bu proses gerçəkləşməyib. Bu baş versə belə, Husilərə qarşı xüsusilə Türkiyənin birbaşa iştirakı az inandırıcıdır. Düşünürəm ki, Türkiyə sadəcə silah yardımı və kəşfiyyat dəstəyi ilə kifayətlənə bilər”.

Ekspertin fikrincə, Türkiyə və Pakistanın birbaşa hərbi qarşıdurmaya qoşulması regiondakı onsuz da mürəkkəb vəziyyəti daha da ağırlaşdıra bilər:

“Bütövlükdə isə hərbi müdaxilə İslam ölkələrini qarşı-qarşıya qoya bilər. Türkiyə və Pakistanın belə bir qarşıdurmaya və İsrailin maraqlarının təmin olunmasına xidmət edən prosesə getməkdə maraqlı olduğunu düşünmürəm”.

Qeyd edək ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 7-də Məkkədə Birgə Müdafiə Sazişi imzalayıb. Sənəddə tərəflərdən hər hansı birinə qarşı silahlı hücumun bütün iştirakçılara qarşı hücum kimi qiymətləndiriləcəyi və müdafiə əməkdaşlığının genişləndiriləcəyi bildirilir.

Son günlər isə Türkiyənin Səudiyyə Ərəbistanına müdafiə sahəsində dəstək verməyə hazır olduğu barədə açıqlamalar səslənib. Bu isə Məkkə sazişinin nəzəri öhdəlikdən real regional təhlükəsizlik mexanizminə çevrilib-çevrilməyəcəyi məsələsini yenidən gündəmə gətirib.


Sizin reklam burada
Sizin reklam burada