Uşağın immuniteti üçün təkcə qidalanma kifayət deyil – Pediatrdan vacib tövsiyə

Uşağın immuniteti üçün təkcə qidalanma kifayət deyil – Pediatrdan vacib tövsiyə
15:50

Uşağın tez-tez xəstələnməsinin qarşısını almaq üçün valideynlər əsasən qidalanmaya və vitaminlərə diqqət yetirirlər. Halbuki immun sisteminin normal fəaliyyəti üçün gündəlik həyat tərzi, xüsusilə də keyfiyyətli yuxu mühüm əhəmiyyət daşıyır. Pediatr uşağın yaşına uyğun yuxu rejiminin formalaşdırılmasını vacib hesab edir.

News365.az xəbər verir ki, pediatrı Günay Salehova uşaqların yuxu rejimi və immun sistemi arasındakı əlaqədən danışıb.

Pediatr bildirib ki, uşaqların yuxuya olan ehtiyacı yaşdan asılı olaraq dəyişir. Südəmər uşaqların yuxu rejimi məktəb yaşlı uşaqlardan fərqləndiyi kimi, məktəbə gedən uşaqlar üçün də yaşa və gündəlik fəaliyyətə uyğun rejim yaradılmalıdır.

“İmmunitetin əsas qoruyucularından biri uşağın normal yuxu rejiminin olmasıdır. Məktəb yaşlı uşaqların yuxu rejimi balaca uşaqlardan, südəmər uşaqların rejimi isə digər yaş qruplarından fərqlənir”, - deyə Günay Salehova bildirib.

Onun sözlərinə görə, uşağın yuxu vərdişlərinin formalaşmasında ailədə yaradılan şərait mühüm rol oynayır. Bəzi hallarda uşaqlar valideynlərin gündəlik rejiminə uyğunlaşaraq gec saatlarda yatmağa başlayırlar. Bu isə onların yaşına uyğun istirahət rejiminin pozulmasına səbəb ola bilər.

Pediatr xüsusilə məktəb yaşlı uşaqlarda dərs və əlavə hazırlıqların yaratdığı zehni gərginliyə diqqət çəkib. O bildirib ki, uşağın gün ərzində həddindən artıq yüklənməsi istirahətə və yuxuya olan ehtiyacı artırır.

“Uşaqlarda zehni gərginlik çox olduqda onların yuxusuna xüsusi diqqət yetirilməlidir. Günorta saatlarında bir saatlıq yuxu belə faydalı ola bilər. Zehni gərginlik artdıqca fiziki yorğunluq da özünü göstərə bilər. Belə uşaqlarda halsızlıq, yorğunluq və iştahsızlıq müşahidə oluna bilər”, - deyə Salehova qeyd edib.

Pediatrın sözlərinə görə, buna görə də valideynlər uşağın dərs, istirahət və yuxu vaxtını balanslı şəkildə təşkil etməli, gec saatlara qədər oyaq qalmasına yol verməməlidirlər.


Sizin reklam burada
Sizin reklam burada