"Ştrafnoy"ların rüsumları ARTIRILDI

"Ştrafnoy"ların rüsumları ARTIRILDI
16:30

Daxili İşlər Nazirliyinin (DİN) balansında olan mühafizə olunan duracaqlara nəqliyyat vasitələrinin gətirilməsi və saxlanılması üçün tutulacaq ödənişlərin məbləği müəyyənləşib.

News365.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Qərara əsasən, nəqliyyat vasitəsinin təxliyə avtomobili ilə duracağa gətirilməsi üçün 30 manat haqq tutulacaq.

Avtomobillərin duracaqlarda saxlanılması üçün isə nəqliyyat vasitəsinin kütləsindən asılı olaraq gündəlik ödəniş tətbiq ediləcək:

3,5 tona qədər – gündə 2 manat;

3,5 tondan 10 tona qədər – gündə 3 manat;

10 tondan yuxarı – gündə 5 manat.

Qoşqulu nəqliyyat vasitəsinin duracaqda saxlanılmasına görə isə həmin nəqliyyat vasitəsi üçün müəyyən edilmiş tarifin 50 faizi həcmində əlavə ödəniş tutulacaq.

Bildirilib ki, saxlanma haqqının hesablanmasına nəqliyyat vasitəsinin duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan başlanılacaq.

Qeyd edək ki, daha əvvəl Tarif Şurasının 12 aprel 2006-cı il tarixli qərarı ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlarda bu xidmətlər üzrə tariflər təxliyə üçün 20 manat, saxlanma üçün isə nəqliyyat vasitəsinin kütləsindən asılı olaraq 1, 2 və 3 manat müəyyən edilmişdi.


Sizin reklam burada
Sizin reklam burada