“ABŞ Konqresində ermənilərə lobbiçilik edən konqresmenlər vaxtaşırı olaraq Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Həmin konqresmenlərin ABŞ-dakı erməni təşkilatı olan Amerika Erməni Milli Konqresi (ANCA) tərəfindən maliyyə dəstəyi alması hər kəsə məlumdur. Bugünlərdə isə Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin ölkəmizlə bağlı qəbul etdiyi qərəzli, qeyri-obyektiv sənəd bu “prosesin” davamıdır”.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev
deyib.
Deputat bildirib
ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi ABŞ-dakı
erməni havadarlarına hələ də rahatlıq vermir. Əks halda, ABŞ kimi özünü
demokratiyanın və insan haqlarının beşiyi hesab edən ölkənin qanunvericiləri bu
cür beynəlxalq hüquqazidd addımlar atmazdılar. Əslində, bu, konqresmenlərin
ölkəmizə qarşı ilk qərəzi deyil. Əvvəllər də, xüsusilə Bayden administrasiyası
dövründə ermənipərəst konqresmenlər Azərbaycanın əleyhinə müxtəlif
layihələri icra etməyə çalışıblar, müxtəlif dinləmələr və s. tədbirlər təşkil
ediblər.
Millət vəkilinin
sözlərinə görə, iyulun 22-də qəbul olunmuş layihənin müəllifi olan
konqresmen Bred Şermanın erməni lobbi qrupları ilə bağlılığı məlumdur. O,
keçmiş konqresmen, ermənipərəst mövqeyi ilə tanınan korrupsioner Robert
Menendesin siyasi xəttinin davamçısıdır. Belə davam edərsə, yəqin ki, Şermanı
da Menendesin taleyi gözləyir. “Ermənipərəst konqresmenlərin belə addımları
ABŞ-ın dövlət maraqlarına cavab vermir. Hazırda rəsmi Vaşinqtonun Cənubi
Qafqazda sülhün təmin olunmasına maraqlı olduğunu nəzərə alsaq, konqresmenlərin
ölkəmizə qərəzli yanaşması Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasında
münasibətlərin normallaşdırılması istiqamətindəki təşəbbüslərinə ciddi zərbə
vurur. Məlumdur ki, məhz ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə ötən
ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan sülh yolunda irəliyə doğru
vacib addımlar atıblar. Həmin vaxtdan sonra faktiki olaraq regionda sülh
mövcuddur və tərəflər qarşılıqlı etimad tədbirləri həyata keçirirlər. Belə olan
halda, Konqresdə belə bir layihənin qəbul olunması yolverilməzdir”,-deyən Samir
Vəliyev əlavə edib ki, “sənəddə” adı çəkilən ermənilər hərbi əsir və ya siyasi
məhbus deyil, müharibə cinayətləri törətmiş, separatizmlə məşğul olmuş
canilərdir.
Məsələ ilə bağlı
Milli Məclisin açıqlamasında vurğulandığı kimi, həmin “düzəlişdə” Azərbaycan
məhkəmələri tərəfindən məhkum edilmiş şəxslər barəsində “hərbi əsirlər” və
“siyasi məhbuslar” kimi terminlərin işlədilməsi xüsusilə hiddət doğurur. Onlar
Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq normaları ilə
nəzərdə tutulan hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma,
işgəncə vermə, terrorçuluq və digər cinayətlər törətdiklərinə görə cinayət
məsuliyyətinə cəlb ediliblər. Onları siyasi təqibin qurbanları kimi
qələmə vermək cəhdləri faktların bilərəkdən təhrif edilməsidir və müstəqil
dövlət tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsinə birbaşa
müdaxilədir. Konqresmenlərin belə mövqeyi isə yalnız erməni lobbisinin radikal
şovinist dairələrinin maraqlarına xidmət edir.
“Sözügedən layihənin qüvvəyə minməsi üçün ABŞ
Nümayəndələr Palatası və Senat tərəfindən də təsdiqlənməlidir. Ümid edirik ki,
belə hal baş verməyəcək. Hazırda Azərbaycan Cənubi Qafqazda ABŞ-ın əsas
strateji tərəfdaşıdır. Bu il ərzində baş tutmuş qarşılıqlı yüksək səviyyəli
səfərlər, imzalanan sənədlər bunun göstəricisidir. Konqresmenlər erməni
diasporunun maliyyəsinin əsiri olmamalı, fəaliyyətlərində beynəlxalq hüquq
normalarını rəhbər tutmalıdırlar”,-deyə deputat vurğulayıb.