"Təbiət elmləri üzrə məktəblərdə yanaşmalarımızın dəyişməsinə ehtiyac var".
News365.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.
Nazir bildirib ki, Bakı şəhərinin təbiət elmləri üzrə nəticələri 2018-ci illə müqayisədə yaxşılaşıb.
Bununla belə, Azərbaycanın göstəricilərinin inkişaf etmiş ölkələrlə müqayisədə hələ də geri qaldığını qeyd edib.
E.Əmrullayev təbiət elmləri üzrə nəticələrin yaxşılaşdırılması üçün məktəblərdə bu fənlərin tədrisinə yanaşmanın dəyişdirilməsinin vacibliyini vurğulayıb.
"Əsasən təbiət elmləri, ilkin fənlər, İKT fənləri, qiymətləndirmə... Məktəbdə təbiət elmləri ilə bağlı yanaşmalarımızın dəyişməsinə ehtiyac var",- deyə nazir bildirib.
Onun sözlərinə görə, nəticələrin yaxşılaşdırılması yalnız fənlərin tədrisi ilə məhdudlaşmamalı, müasir yanaşmaların və yeni təlim metodlarının tətbiqi də diqqətdə saxlanılmalıdır. Nazir Bakı şəhərinin təbiət elmləri üzrə nəticələrinin yaxşılaşma dinamikasını müsbət qiymətləndirib.
"Bakı şəhərinin nəticəsinin yaxşılaşma üzrə ikinci yerdə olması əladır. Düşünürəm ki, bu, öz-özlüyündə yaxşı göstəricidir. Əsas oxuduğumuz dinamika az deyil. O dinamika əsaslı şəkildə yaxşıdır. Ən yaxşı addımlardan biridir. Bu, yaxşı xəbərdir".
E.Əmrullayev bildirib ki, PISA nəticələrində davamlı artımın təmin olunması əsas hədəflərdən biri olmalıdır. Nazirin sözlərinə görə, hər qiymətləndirmə dövründə 10-20 ballıq artım əldə etmək əhəmiyyətli nəticə hesab oluna bilər.
"Bizim üçün əsas məsələ fənlər üzrə 10 bal, 20 bal və daha yuxarı artımlarla bir pillə davamlı olaraq qalxmaqdır. Məsələn, növbəti PISA-da 450-460 bala qalxa bilsək, yaxud Azərbaycan üzrə 400-dən 420 bala yüksələ bilsək, bu, çox əla nəticədir".