Son 1 il ərzində
Rusiya ilə münasibətlərin gərginləşməsindən Azərbaycan
xarici siyasəti əslində kifayət qədər uğurla istifadə etdi. Münasibətlərin gərginləşməsi
fonunda rəsmi Bakı Avropa və Vaşinqtonla mövqelərini yaxınlaşdıra bildi.
Avqustda Vaşinqtonda baş tutan sammit və burada Ermənistanla sülh müqaviləsinin
paraflanması, ABŞ-ın 907-ci düzəlişinin ləğvinə nail olunması, TDT çərçivəsində
aktivliyin artması əslində Rusiya ilə münasibətlərin soyumasının müsbət təsirlərindəndir.
Bəli, Düşənbədə
liderlər arasında təmas oldu. Bu, bir qədər gərgin münasibətlərdə yumşalma
olacağına işarədir. Ancaq bu, üzü dekabra tərəf Moskvada qar əvəzinə qızmar günəş
olacağı anlamına gəlmir.
Məlumdur ki,
hal-hazırda Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ölkənin iqtisadi
maraqlarına qarşı ciddi təxribatla bağlı cinayət işi araşdırılır və burada əsas
iştirakçılar sırasında şimal qonşunun şirkətlərinin adları çəkilir.
Bəli, təmas
və müzakirə həmişə gərginlikdən yaxşıdır, ancaq baş verənlər göstərir ki, sadəcə
sənəd və bəyanatlar etibar zəminini tam formalaşdırmağa qadir deyil. Bunun üçün
Rusiya tərəfindən səmimi münasibət və real addımlar lazımdır.
Aqil Məmmədov,
siyasi ekspert